“Söhbət o çağrışlardan gedir ki, terror xarakterlidir və burada əsla hüququn aliliyindən danışmaq olmaz”
Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət kursu, əldə etdiyi siyasi-iqtisadi nailiyyətlər bəzi dairələri narahat edir. Bu səbəbdəndir ki, onlar Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün müxtəlif çirkin vasitələrə əl atır, müxtəlif yollarla Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Təəssüf ki, həmin dairələrin əlində oyuncağa çevrilməyi özünə rəva görən şəxslər də tapılır və hazırda ölkəmizə qarşı fəaliyyətdədirlər. Xüsusilə sosial şəbəkələrdə fəal olan həmin şəxslər yalan, saxta məlumatlarla kifayətlənməyərək, təhqir, söyüş leksikonundan istifadə etməkdən belə çəkinmirlər.
Söyüşü, nifrəti, terrora çağırışı özünə peşə seçən şəxslərdən biri də Vidadi İsgəndərlidir. Sözügedən şəxs Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmayıb, hər hansı siyasi statusu da olmayıb. Eyni zamanda, ölkədə olduğu müddətdə hansısa təqib və təzyiqə də məruz qalmayıb. Ancaq bütün bunlara baxmayaraq, bu şəxsin sosial şəbəkələrdə yaydığı söyüş, terrora çağırış videoları onun Azərbaycan dövlətinə və xalqına aşkar nifrətini ortaya qoyur ki, əslində bu nifrətin hardan qaynaqlandığı belə bəlli deyil. Halbuki, Azərbaycanın dövlət institutlarını və simvollarını ancaq dövlətimizə, xalqımıza nifrət edən şəxs təhqir edə bilər. Onun və onun kimilərin bu fəaliyyətinin siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanı sevməyən müxtəlif qrupların sifarişini yerinə yetirən bu kimi şəxslər isə, nə yazıq ki, ölkəmizin əleyhinə fəaliyyət göstərmək üçün ən çirkin yollara belə əl atmaqdan çəkinmirlər.
Fransanın Vidadi İsgəndərli kimi zorakılıq və terror çağırışları edən bir şəxsə “siyasi sığınacaq” verməsi beynəlxalq hüquqa ziddir. Bu həm də adıçəkilən ölkənin qanunları ilə ziddiyət təşkil edir. Məsələ ondadır ki, Vidadi İsgəndərli Fransada oturub, Azərbaycanda höküməti qiyam, terror yolu ilə devirməklə bağlı çağırışlar edir. Hədələyici, təhqiredici məzmunlu fikirlər səsləndirir, amma Fransa rəsmiləri, nədənsə, buna göz yumur. Fransanın belə cinayətkarları himayə etməsi Azərbaycan dövlətinə qarşı açıq-aşkar hörmətsilik və təxribatdır.
Bir daha qeyd edək ki, Vidadi İsgəndərli Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmayıb. Burada işlədiyi dövlət orqanında ciddi nöqsanlara yol verdiyi üçün işdən qovulub. İndi onun öz dövlətinə düşmən kəsilməsinin əsl səbəbi isə qisas almaq istəyindən başqa bir şey deyil. Yəni belə bir şəxsi siyasi mühacir adlandırmaq məntiqsizlikdir. Ən başlıcası isə, Vidadi İsgəndərlinin son fəaliyyətində birbaşa cinayət tərkibi var. O, açıq-aşkar terror, zorakılıq çağırışları edir, hakimiyyəti qanunsuz yolla devirmək istəyini bəyan edir. Fransa dövləti isə beynəlxalq hüququ və öz qanunlarını heçə sayaraq ona qarşı adekvat tədbir görmür. İnsanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir. Fransa dövlətinin özünə qarşı bu cür münasibət olsaydı, o zaman rəsmi Paris daha sərt addımlar atardı.
Nəzərə alsaq ki, Fransa ilə Azərbaycan arasında böyük iqtisadi əlaqələr var, fransız şirkətləri ölkə iqtisadiyyatına sərmayələr qoyur, o zaman belə yanaşmanı heç cür anlamaq olmur. Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribatdır. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cür şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verənlər rəsmi Parisin nə qədər qeyri-səmimi olduğunu sübut edir: “Fransada Emmanuel Makron prezident olduqdan sonra bu ölkənin Qarabağla bağlı siyasətində müəyyən dərəcədə ədalətsizlik ortaya qoyulur. Tam bir sistemlə Makron iqtidarı ölkəmizə qarşı erməni lobbisinin təlimatı ilə siyasət aparır. Bu, təbii ki, Fransa kimi ölkəyə hörmət gətirmir. Makronun bu siyasəti Fransa siyasətinə tərs mütənasibdir. Göründüyü kimi, Makrona qarşı daxili etirazların baş verməsi onun sistemli siyasət aparmamasının göstəricisidir. Bu gün Makron hakimiyyəti Azərbaycanda iqtidar əleyhinə radikal çağırışların səslənməsinə şərait yaradır. Söhbət o çağırışlardan gedir ki, burada əsla hüququn aliliyindən danışmaq olmaz. Söhbət birbaşa terror xarakterli çağırışlardan gedir. Halbuki, özünə və hüququn aliliyinə hörmət edən ölkə belə hallara şərait yaratmaz. Hesab edirəm ki, bu gün sivil yolla mübarizə aparılmalı, heç bir hakmiyyət radikalizmin ölkəsi ərazisindən platsdarm kimi istifadəsinə şərait yaratmamalıdır. Bu gün Makron hakmiyyəti Fransanı digər ölkələrə qarşı tam əks-kampaniya ərazisinə çevirib. Biz zamanla Qarabağ konfliktinin həllində Parisin ikili standartlarını görürük, amma radikal siyasi şüarlar səsləndirən şəxslərə meydan verilməsi hazırkı sitiasiyada normal deyil. Biz ümid edirik ki, Fransa siyasi-hüquqi məsələlərdə götürdüyü öhdəliklərə əməl edəcək. Azərbaycanla tərəfdaş ölkə olaraq münasibətlərə xələl gətirən addımlara yol verməyəcək”.
Vidadi ORDAHALLI