“Bugünkü fəaliyyəti göstərir ki, Vidadi İsgəndərli ilə erməni lobbisinin və onların hər ikisini dəstəkləyən Fransa hökumətinin maraqları tam üst-üstə düşür”
Azərbaycanda bu il keçirilən növbədənkənar prezident seçkilərinin ərəfəsində xaricdən ölkəmizə qarşı məkrli plan işə salındı. Özünü mühacir kimi qələmə verən bəzi dönüklər xarici ölkədəki “toxunulmazlıq” immunitetindən istifadə edərək, sosial şəbəkələr üzərindən ölkəmizin dəyərlərinə, simvollarına söyüş yağdırmağa başladılar. Prezident seçkilərində planlarının alınmadığını görəndən sonra, bir qədər sakitləşdilər. Çox maraqlıdır ki, həmin “söyüş makinaları” bir neçə gündür yenidən aktivləşiblər. Ssenari əvvəlkidir. Ölkənin ən ali vəzifələrində təmsil olunan şəxsləri şantaj etmək və küçə söyüşləri ilə söymək. Onların sırasında Vidadi İsgəndərli adlı bir tərbiyəsizin etdikləri əndazəni aşmaq baxımından daha çox diqqəti çəkir. Əslən Göyçay rayonundan olan həmin şəxsin sosial şəbəkələrdə yaydığı videolardan bu qənaətə gəlmək olar ki, o yalnız tərbiyəsizlikdən deyil, həm də psixi xəstəlikdən əziyyət çəkir. Bu adam iddia edir ki, guya kimlərsə onun atasının qəbrini mundarlayıb. Bunu da sosial şəbəkələr vasitəsilə yayılan videolara istinadən söyləyir. Həmin video üzərində aparılan araşdırmalardan sonra məlum olub ki, təhqir olunduğu iddia edilən həmin qəbirlə Vidadi İsgəndərlinin atasının məzarı arasında xeyli fərq var. Buradan da belə bir qənaət hasil olur ki, Azərbaycan cəmiyyəti üçün həssas olan qəbrin təhqir olunması kimi qurama ssenari elə Vidadi İsgəndərlinin arxasında duran qüvvələr tərəfindən ortaya atılıb. Bununla həmin şizofrenikin daha radikal çıxışlar etməsini stimullaşdırırlar. Ən maraqlısı budur ki, V.İsgəndərli yalnız söyüş söymür, o həm də hakimiyyəti devirmək, kütləvi itaətsizlik, terrora qoşulmaq kimi çağırışlar da edir. Onun etdiyi hər çıxış Azərbaycan qanunları ilə cinayət məsuliyyəti yaradır. Hər halda, V.İsgəndərli bu çıxışları kosmosdan etmir və beynəlxalq qanunlara görə, onun hazırda rahatlıqla söyüş ixrac etdiyi ölkə sözügedən şəxslə bağlı bir ölçü götürməlidir. Bu “söyüş makinasının” qərar tutduğiu yer Fransadır. Məlumdur ki, Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Hazırkı Fransa rəhbərliyi də həmin lobbinin təsiri altındadır. Biz bunu Fransa Prezidenti Emmanuel Makronun apardığı siyasətdə aydın şəkildə görürük. Erməni lobbisinin bir məqsədi var, nəyin bahasına olursa-olsun, Azərbaycana zərbə vurmaq. Bu baxımdan, V.İsgəndərli kimi adamlar məkrli planların həyata keçirilməsi üçün ideal namizəd sayıla bilər. İnanmırıq ki, həmin lobbi belə personanı diqqətsiz buraxsın. Fransa hakimiyyətinin belə fəaliyyətə qucaq açması da maraqlıdır. Hazırda Azərbaycanda sosial şəbəkə üzərindən Makrona V.İsgəndərlinin hərəkətləri ilə bağlı tədbirin görülməsi ilə əlaqədar petisiya yaradılıb. Azərbaycan vətəndaşlarının bu istiqamətdə ciddi fəallığı nəzərə çarpır.
Fransanın sığınacaq verdiyi V.İsgəndərlinin bu hərəkətləri erməni lobbisinin sifarişi əsasında həyata keçirdiyi ilə bağlı səslənən fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün ölkəmizdəki inkişafı görmək istəməyən məkrli qüvvələrin istinad etdiyi bir neçə mərkəz var: “Müxtəlif bəhanələrlə özlərini “dissident” kimi qələmə verib xaricə sığınan bəzi şəxslərin fəaliyyəti onu deməyə əsas verir ki, onlar Azərbaycanı istəməyən qüvvələrin qucağında oturublar. İnsanın müxalif olması qəbulediləndir. Ancaq bunlar müxalif fikir sələndirmir axı. V.İsgəndərli xislətində olan varlıqdan heç insanlıq da gözləmək olmaz. Onun fəaliyyəti bunu açıq şəkildə büruzə verir. Həmin adama fikir verin. Götürək ki, sən dözməyib xaricə qaçıbsan. Onda niyə orada öz problemlərinlə maraqlanmırsan? Axı bütün günü sosial şəbəkələrdə oturmaqla heç kimə pul vermirlər. Bunlar özlərini və ailələrini nə ilə dolandırırlar? Bax, burada mətləbə gəlirik. Təbii ki, onlara bu cür iyrənc sifarişi Azərbaycanı istəməyən qüvvələr verir. Bunların da başında Fransadakı erməni lobbisi durur. V.İsgəndərlinin onların təsiri altında fəaliyyət göstərməsinə qəti şübhə ola bilməz. Təəssüflər olsun ki, separatçıların rəhbəri Qukasyana qucaq açan Fransa üçün V.İsgəndərli də bəslənməsi vacib olan adamdır. Onun çıxışları cinayət məsuliyyəti yaratdığı halda, niyə Fransa hökuməti barəsində əməli tədbir görmür? Bugünkü fəaliyyəti göstərir ki, Vidadi İsgəndərli ilə erməni lobbisinin və onların hər ikisini dəstəkləyən Fransa hökumətinin maraqları tam üst-üstə düşür. V.İsgəndərli kimilərin fəaliyyəti heç kişiliyə də sığan hərəkət deyil. Uzaq məsafədən kimlərisə söymək yalnız əxlaqı pozuq adamlara xas ola bilər. Düşünürəm ki, bu tip adamlar millətin üz qarasıdır. Hesab edirəm ki, Azərbaycana qarşı açıq təxribatla məşğul olan bu şəxsin məsuliyyətə cəlb edilməsi baxımından Fransa hökuməti əməli tədbirlər görməlidir. Bunun vaxtı artıq çatıb”.
Məhəmmədəli QƏRİBLİ