Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.
M.Zaxarova bildirib ki, bu məsələdə vaxt həddi qoyulmur: “Əgər vaxt barədə danışsaq, əlbəttə ki, biz hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir”.
M.Zaxarova əlavə edib ki, Rusiya tərəfindən asılı olan bütün işlər yerinə yetiriləcək.
“Xəzərin hüquqi statusu barədə Konvensiya sahilyanı ölkələrin investisiya cəlbediciliyinin artmasına xidmət edəcək”. Bunu da Mariya Zaxarova mətbuat konfransında deyib.
M.Zaxarova bildirib ki, bu il Aktau şəhərində imzalanmış Konvensiya sabitliyin möhkəmlənməsinə və “Xəzər beşliyi” ölkələri arasında səmərəli əməkdaşlığın genişlənməsi üçün əlverişli şəraitin yaradılmasına və bütünlüklə regionda aydın hüquqi vəziyyətin formalaşmasına xidmət edəcək:
“Konvensiya beş dövlətin bu unikal su hövzəsinin taleyi ilə bağlı müstəsna hüquq və məsuliyyətini təsbit edir”.
M.Zaxarova əlavə edib ki, Konvensiyanın müddəaları gəmiçilik rejimini və Xəzərin akvatoriyasından kollektiv istifadə qaydalarını müəyyənləşdirir, dəniz məkanının sülh məqsədləri ilə istifadə prinsiplərini təyin edir, ərazi sularının sərhədlərinin təyin olunması və digər vacib məsələləri nizamlayır.