Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın üzləşdiyi böyük məğlubiyyət düşmən ölkədə hələ də ciddi ajiotaj və narahatlıq mənbəyi olaraq qalır. Əsas səbəb də odur ki, bu vaxta qədər İrəvan hələ də öz namizədini yenidən qurumun rəhbəri vəzifəsinə gətirməyə ümid edirdi. Amma təşkialata digər üzv ölkələrin mövqeyi İrəvan üçün ciddi zərbə olub.
“Kommersant” qəzeti yazır ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Qırğızıstan Respublikasının prezidenti Soronbay Jeenbekovun təlimatına uyğun olaraq təşkilatın katibliyi Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi təyin olunması haqqında qərar layihələrini hazırlayaraq üzv dövlətlərə göndərib. KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun sözlərinə görə, Ermənistandan başqa, təşkilatın digər üzv dövlətləri Zasın baş katib postuna namizədliyini rəsmən təsdiqləyib. Zaynetdinov vurğulayıb ki, hazırda Zasın təyinatı məsələsi üzərində işlər davam etdirilir və bununla bağlı qərarın imzalanması fərdi qaydada təşkil olunub: “Qərar layihələri üzv dövlətlərin rəhbərlikləri tərəfindən baxılması üçün KTMT daimi şurasının üzvlərinə göndərilib”. KTMT-nin mətbuat katibi baş katib postuna təyinatla bağlı KİV-də yayılan müxtəlif mahiyyətli xəbərlərlə əlaqədar ona da aydınlıq gətirib ki, Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın bu posta namizədliyinin razılaşdırılması proseduru onun dekabrın 12-dən 20-dək KTMT-yə üzv hər bir dövlətin başçısı ilə keçirdiyi şəxsi görüşlər yolu ilə təşkil edilib. Zaynetdinovun sözlərinə görə, Zasın yalnız Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşü qalıb ki, o da daha sonraya təxirə salınıb. Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb. Erməni politoloq Suren Sarkisyan bildirir ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini qoruyub saxlaya bilməyəcək:“Bu vəzifəni artıq itirmişik. Belarus nümayəndəsi artıq KTMT üzvləri ilə görüşlər keçirib və dövlət başçıları da onu rahatlıqla qəbul edirlər. Onlar öz mövqelərini artıq müəyyən ediblər. Belarusun namizədinin seçimi Ermənistanın ona qarşı veto hüququndan istifadə edib-etməyəcəyindən asılı olacaq. Amma bu hüquqa da, yəqin ki, məhəl qoyulmayacaq və yanvar ayında planlaşdırılan KTMT liderlərinin görüşündə məsələ həll ediləcək”.
Ermənistan Silahlı Qüvvələrinin polkovniki Armen Qaliçyan isə bildirir ki, KTMT-yə üzv dövlətlər arasında təşkilatın fəaliyyətinin pozulmasına yönələn konkret “informasiya aksiyaları” keçirilir. Bununla Qaliçyan baş katib postu ətrafında yaratdığı problemə görə Ermənistanın təşkilat daxilində təklənməsinə eyham vurub: “Bütün bunlar nəyi göstərir? Onu göstərir ki, bizim KTMT-də fəaliyyət göstərdiyimiz çərçivələr qənaətbəxş deyil”. Qaliçyan həm də sensasiyalı bəyanat verərək, KTMT daxilində keçirilən birgə hərbi təlimlərin effektsiz və bərbad vəziyyətdə olduğunu etiraf edib: “Qazaxıstanda keçirilən hərbi təlimlər zamanı üzv dövlətlərin silahlı qüvvələri qarşısında konkret tapşırıqlar qoyulmuşdu. Amma təlim iştirakçılarından heç biri nə ilə məşğul olacağını bilmirdi. Həm bu, həm bir-birimizə qarşı etimadın olmaması, həm də digər məsələlərə yenidən baxılmalıdır. Çünki əks təqdirdə bütün bunlar yaxşı heç nəyə gətirməyəcək”. Qaliçyan son aylar İrəvanın pozucu siyasətinə qarşı vahid mövqe sərgiləyən KTMT-nin digər üzv dövlətlərinə bir növ xəbərdarlıq etsə də, ortada dəyişənə heç nə yoxdur.
Belə bir vaxtda diqqət çəkən başqa bir məqam da odur ki, Rusiya prezidenti Vladimir Putinin dekabrın 25-də imzaladığı sənədə əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları institutu yaradılacaq. Bəs belə bir qərar hansı məqsədlərlə qəbul olundu? Müxtəlif versiyalar səsləndi. Bir çoxları KTMT-nin genişlənməsindən, hətta Azərbaycanın alyansın sıralarına daxil ediləcəyindən danışır.
Bu məsələni şərh edən rusiyalı hərbi ekspert Pavel Felqenhauer bildirir: “Yəqin ki, söhbət müşahidəçi-tərəfdaş statusu hesabına halqanın genişləndirilməsindən gedir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər təşkilatlarda da belə hal baş verib. Xatırlayırsınızsa, NATO-da belə bir tərəfdaşlıq var idi - “Sülh naminə tərəfdaşlıq”, hətta Rusiya da bu tərəfdaşlıqda iştirak edirdi. Ona görə də, KTMT bu baxımdan Qərb təcrübəsini mənimsəyir”. Onun sözlərinə görə, “tərəfdaş” statusu əslində yaxşı səslənir, onun üzərində heç bir öhdəlik olmur”. Bu məsələnin hər hansı pərdəarxası məqamlarına gəlincə, ekspert vurğulayır ki, təşkilatın bütün üzv dövlətləri razılaşsa da, Ermənistanın cavabı, hələ ki, yubanır. O. Moskva ilə İrəvan arasında, xüsusilə bu məsələdə müəyyən gərginliyin olduğunu inkar etmir: “Ancaq yeni “tərəfdaş” statusunun məhz bu səbəbə görə tətbiq olunduğuna inanmıram”. Azərbaycanın KMTM-də iştirakının mümkünlüyünə gəlincə, Pavel Felqenhauer vurğulayır ki, “iştirakdan” hər hansı söhbət getmir: “Bəli, bu hər hansı hüquqi öhdəliklərin nəzərdə tutulmadığı formal bir status ola bilər. Belə status alan ölkə istəsə, birgə hərbi təlimlərdə iştirak edə bilər. Lakin bu, ittifaqa qoşulmaq anlamına gəlmir. Çünki eyni vaxtda həm NATO, həm də KTMT tərəfdaşı olmaq olar”. Felqenhauerin təbirincə, Azərbaycan KTMT-də tərəfdaş və müşahidəçi statusu alsa belə, bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə nəticələnməyəcək: “Ermənistanda, şübhəsiz ki,bununla bağlı səs-küy düşəcək. Ancaq onlar təşkilatın sıralarını tərk edən deyillər. Təşkilatdan çıxması Ermənistana ziyandan başqa heç nə verməyəcək”.
Nahid SALAYEV