Arzuxan Əlizadə: “Belə situasiyalarda son dərəcə çevik və düşünülmüş manevrlər etmək lazımdır”
“Biz proporsional azad siyasət yürütdüyümüzə görə bizə təzyiqlər də artır. Lakin bu təzyiqlər enerji faktoru ilə əlaqəli deyil. Bizi hansısa avantüraya çəkməkdir. Hansı ki, tamamilə bizim xalqımızın və ölkəmizin əleyhinədir”. Bunu Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, ölkə daxilində heç bir potensial təhlükə yoxdur, təhlükələr xaricdən gətirilə bilər: “Buna görə də öz suverenliyimizlə bağlı məsələlərə çox diqqətlə yanaşırıq. Vətəndaşlarımızın təhlükəsizliyinə çox həssas yanaşırıq. Buna görə də Azərbaycanı hansısa beynəlxalq avantüraya çəkməyə çalışmaq həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və biz periodik olaraq bu nəticəni görürük”.
İlham Əliyev mətbuata yalançı məlumat ötürən təbliğatdan istifadə edildiyini söyləyib: “Bu da onların sevimli şantaj, təzyiq göstərmək metodudur. Lakin bizim artıq buna immunitetimiz yaranıb. Vətəndaşlarımız çox yaxşı başa düşürlər ki, bu cəhdlərin və yalançı xəbərlərin arxasında nələr dayanır”.
Həqiqətən də zaman-zaman müəyyən bəzi xarici dairələr öz korporativ maraqlarından ötrü Azərbaycanı müxtəlif avantüralara cəlb etməyə çalışıblar. Bununla bağlı müxtəlif vasitələri işə salıblar, amma bütün cəhdlərinə rəğmən, buna nail ola bilməyiblər. Bu cür çirkin məzmunlu plan və niyyətlər fiaskoya uğrayıb.
Maraqlıdır, bu kimi avantüralardan Azərbaycan necə yan keçə bilib?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi baxımdan olduqca həssas geosiyasi məkanda yerləşir. Azərbaycan Şərqlə-Qərb arasında körpü rolunu oynayır. Bütün bunlar bir sıra hallarda müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşmasına zəmin yaradır. Böyük dövlətlər öz maraqlarını təmin etmək üçün müxtəlif vasitələri işə salırlar. Bəzən müəyyən dairələr belə vəziyyətdən istifadə edib ölkəni avantüraya çəkmək istəyirlər. Bu bir reallıqdır və bunu danmaq olmaz. Ona görə də belə situasiyalarda son dərəcə çevik və düşünülmüş manevrlər etmək lazımdır. Hansı ki, Azərbaycan bu cür siyasət həyata keçirir. Ən başlıcası isə, balanslaşdırılmış siyasətlə bağlıdır. Yəni Azərbaycan uğurlu balanslaşdırılmış siyasət yeridərək avantüralardan yayına bilir”.
Vidadi ORDAHALLI