Aqşin Əliyev: “Əsas istəkləri də bundan ibarətdir ki, Ermənistanın qərbyönümlü siyasəti Rusiya tərəfindən qəbul olunsun”
Ermənistanda keçirilən seçkilərdən sonra həmin ölkədə anti-Rusiya ovqatı yüksəlib. Hətta paytaxt İrəvanda Rusiya əleyhinə keçirilən aksiyalar intensiv hal alıb.
Erməni mediasının verdiyi məlumata görə, son iki gün ərzində Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib. Əvvəlcə bir qrup insan İrəvandakı səfirliyin qarşısında toplaşaraq, Ermənistandakı Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılmasını tələb ediblər.
Onlar bildiriblər ki, rus əsgərləri nəinki Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid edir, həmçinin, Ermənistan dövlətinə qarşı təhlükə törədir.
Bu aksiyanın ardınca səfirlik önünə digər bir qrup toplaşıb. Onlar “Ermənistandakı anti-Rusiya təxribatlarına yox” və “Rusiya ilə birlikdə” şüarlarını səsləndiriblər. Aksiyanı kommunistlər keçirib.
Qərbə inteqrasiya tərəfdarları bəyan ediblər ki, ölkədəki dinc inqilabdan sonra Ermənistan Rusiya ilə əlaqədar yeni siyasət yürütməlidir və iki dövlət arasındakı münasibətlərin xarakteri dəyişməlidir. Onlar hesab edirlər ki, hazırkı hökumət Rusiyaya münasibətdə əvvəlki iqtidarın kursunu davam etdirir.
Seçkilərdən sonra Ermənistanda anti-Rusiya ovqatı ilə bağlı yaradılan tendensiya nə ilə bağlıdır?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bu, Moskva ilə İrəvan arasında yaşanan gərginliyin növbəti mərhələsindən xəbər verir: “Paşinyanın hakimiyyəti ələ almasından sonra cərəyan edən proseslərə fikir verin. Artıq Rusiya səfirliyi önündə aksiyaların keçirilməsi adət halını alıb. Aksiyaların keçirilmə vaxtına nəzər salsaq məlum olar ki, bu, təsadüfə bənzəmir. Bundan əvvəl də belə aksiyalar keçirilib və Paşinyanın Putinlə görüşü ərəfəsinə təsadüf edib. Məlumdur ki, bir neçə gündən sonra Nikol Paşinyan yenidən Rusiyaya səfər edib Putinlə görüşəcək. Qərbyönümlü Nikol Paşinyanın Vladimir Putinlə açıq və ciddi müzakirələr keçirəcəyini nəzərə alsaq, onda belə aksiyaların məhz onun tərəfindən Moskvaya edilən təzyiq məqsədilə təşkil edildiyi üzə çıxır. Paşinyan hakimiyyəti Azərbaycanın xarici siyasət kursunu indi təkrarlamaq istəyir. Özünü qərbyönümlü kimi göstərən Paşinyan xarici siyasətdə balanslı kurs yürütməyə çalışır. Əsas istəkləri də bundan ibarətdir ki, Ermənistanın qərbyönümlü siyasəti Rusiya tərəfindən qəbul olunsun və Moskva buna göz yumsun. Eyni zamanda, istəyirlər ki, Rusiya təmənnasız olaraq onlara hərbi müdafiə qarantiyaları versin, təhlükəsizliyi təmin etsin. İndi Paşinyanın qarşısında həyata keçirilməsi heç cür mümkün olmayan bir məqsəd durur. Təbii ki, onlar bir az gərginliyi nümayiş etdirməyə, cəmiyyətin belə bir fikirdə olduğunu çatdırmağa çalışırlar. Aksiyaların mahiyyətindən bu istək aydın görünür. Son vaxtlar İrəvənda Qərb əleyhinə keçirilən aksiyaları kommunistlər pozur, Rusiyanın xeyrinə keçirilənlərə isə hakimiyyətə yaxın olan qüvvələr “imkan” vermir. Elə bu şəkildə səhnələşdirilən teatrdan görünür ki, aksiyalar Paşinyanın özü tərəfindən təşkil edilir”.
Məhəmmədəli QƏRİBLİ