Azər Həsrət: “Bəzi mərkəzlər ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyanı yaymaqla beynəlxalq və yerli ictimaiyyətin fikrini dəyişə bilməzlər”
Məlum olduğu kimi, “Rossiya-24” telekanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə alıb. Müsahibə zamanı Prezident bir sıra məsələlərə toxunub. O cümlədən Azərbaycana qarşı həqiqətə uyğun olmayan materialların yayılması haqqında fikir bildirib.
O qeyd edib ki, mətbuata yalançı təbliğat tullantıları atılır: “Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır”.
Məsələ ilə bağlı fikir bildirən media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanla işləyən beynəlxalq qurumlar, eləcə də ölkə ictimaiyyəti Prezident İlham Əliyevin beynəlxalq rəyə təsir edən fikirlərinə ehtiyac duyur: “Təəssüf ki, Azərbaycana, dövlətimizə qarşı informasiya kirliliyi aparılır. Hansısa mərkəzlər tərəfindən idarə olunan təşkilatlar ölkəmizə qarşı qara, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Həmin mərkəzlər tərəfindən informasiya hücümları təşkil olunur. Bu səbəbsiz deyil. Çünki Azərbaycan dövləti müstəqilliyi dövründə sabit siyasət yürütməsi ilə diqqət çəkir. Təbii ki, dünyanı idarə edən böyük güclər bunu həzm edə bilmirlər. Azərbaycanın baxımli, özünə əmin ölkə olması bəzilərini narahat edir. Bəzi qüvvələr istəyirlər ki, Azərbaycan da Ermənistan kimi ələbaxımlı ölkə, kimdənsə asılı olsun. Ancaq Azərbaycan dövlətinin iqtisadi qüdrəti, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz qonşu ölkələrdən seçilir. Həmçinin, Azərbaycanın milli maraqlara üstünlük verməsi həmin mərkəzlərə sərf etmir. Bu səbəbdən də onlar informasiya kirliliyi yaratmaqla məşğuldurlar. Saxta məlumatlar istehsal edib, həqiqətə uyğun olmayan materialları dövriyyəyə buraxırlar. Həmin məlumatların hansı mənbəyə əsaslandığını araşdıranda biz dövlətləri qaralamaqla məşğul olan mərkəzlərin olduğunu müşahidə edirik. Qeyd olunan mərkəzlər unutmasınlar ki, həqiqətə uyğun olmayan informasiyanı yaymaqla beynəlxalq və yerli ictimaiyyətin fikrini dəyişə bilməzlər”.
Günel CƏLİLOVA