Məhəmməd Əsədullazadə: “Paşinyan da münaqişəni həll etməsə, onu da eyni aqibət gözləyir”
Ermənistanda baş verən hadisələr status-kvonun saxlanması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacağına ümid edir: “Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub".
İlham Əliyev vurğulayıb ki, erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub: "Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq".
Prezident qəti əmin olduğunu bildirib ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur.
Status-kvonin dəyişməz olaraq qalması Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarda saxlayıb. Bundan da itirən məhz işğalçı ölkə olub. Ermənistanda baş verən hakimiyyət dəyişiklikləri, sosial ziddiyyətlər onu göstərir ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından bezib. Çünki torpaqların işğal altında qalması ölkəyə iqtisadi baxımdan yaxşı heç nə vəd etmir. Münaqişə nə qədər tez həll olunsa, bu bir o qədər Ermənistanın xeyrinə olacaq.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, status-kvonun dəyişməməsi Ermənistanı inkişafdan saxlayır: “Hazırda Ermənistanda baş verənlər bu ölkənin işğalçı siyasətindən qaynaqlanır. Həqiqətən status-kvonun dəyişməməsi Ermənistanda real vəziyyətin nə qədər gərgin olduğunun göstəricisidir. Məhz Ermənistanda siyasi vəziyyət daim konflikt ətrafında gedən proseslərdən asılı olub. Fikir versək görərik ki, bununla bağlı ortada nümunələr də var. Məsələn, Petrosyanın devrilməsində, 1999-cu ildə Ermənistanda parlamentin gülləbaran edilməsində Qarabağ kartından istifadə olundu. 2016-cı il aprel döyüşləri məhz Sarkisyanın hakimiyyətinə son qoydu. Görürük ki, bu ölkədə siyasi vəziyyətin yekcins olmaması, gərginlik status-kvo məsələsinin həll olunmamasının nəticəsidir. Paşinyan da münaqişəni həll etməsə, onu da eyni aqibət gözləyir. Status-kvo Ermənistanın bir dövlət kimi çöküşünü şərtləndirir. Ölkənin iqtisadi inkişafı, siyasi sabitlik yalnız münaqişənin həllindən keçir. Ona görə də indiki hakimiyyət praqmatik siyasət həyata keçirib ölkənin sabitliyi üçün çalışırsa, status-kvonu dəyişməlidir”.
Vidadi ORDAHALLI