Akif Nağı: “Buna Ermənistandan daha çox Dağlıq Qarabağdakı separatçı rejim mane olur”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Dağlıq Qarabağdakı erməni və azərbaycanlı icmaların təmasına maneçilik yaratdığından danışıb.
XİN başçısı vurğulayıb ki, münaqişənin həllində əldə olunan irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq: “Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq, Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin “xidmətləri” nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır”.
Göründüyü kimi, Azərbaycan tərəfi ən yüksək səviyyədə birgəyaşayışı təbliğ edir və buna dair zəmanət verir. Eyni zamanda, XİN rəhbəri səviyyəsində bildirir ki, Ermənistan icmaların təmasında maraqlı deyil, buna maneçilik yaradır. Ermənistanın icmaların təmasına törətdiyi maneəni nə ilə izah etmək olar?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, burada yad faktorların da təsiri az deyil: “Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın təsir imkanları böyükdür. Uzun illərdir Ermənistanın Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti Rusiya müəyyən edib. Hazırda Ermənistandakı vəziyyət bir qədər fərqlidir. Hətta bu, Rusiya ilə ABŞ arasında sərt qarşıdurma ilə nəticələnib. Bu yaxınlarda Rusiya XİN rəhbərinin müavini Karasin diplomatiyaya yad olan üslubda Ermənistan rəhbərliyini ABŞ şantajlarına cavab verməyə çağırdı. Buna görə də ABŞ-la Rusiya arasında gedən rəqabət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də ciddi şəkildə təsir edir. Təbii ki, Rusiyanın təsiri ilə Ermənistan danışıqların öz nəzarətindən çıxmasına imkan vermir. Onlar bilirlər ki, icmalar arasındakı təmas Ermənistanın rolunu bir qədər ikinci plana keçirə bilər. Yəni danışıqlar Azərbaycanın öz daxili probleminin həlli rakursuna keçə bilər. Buna Ermənistandan daha çox Dağlıq Qarabağdakı separatçı rejim mane olur. Çünki hazırda onlarla Ermənistan rəhbərliyi arasında kəskin qarşıdurma var. Hiss edilir ki, Ermənistanın yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı hansısa yeni bir xətti aparmaqda maraqlıdır. Amma Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyinin buna qarşı olduğu nəzərə çarpır. Çünki onlar hər zaman Rusiya tərəfindən posta təyin edilirlər. Paşinyan çalışır ki, Dağlıq Qarabağdakı qondarma rejimə özünə yaxın adamları təyin etsin. Yalnız bundan sonra Elmar Məmmədyarovun nəzərdə tutduğu prosesdə irəliləyiş yarana bilər. Sonda onu da qeyd etmək istəyirəm ki, icmaların təması bərpa olunsa belə, bu, münqişənin həlli üçün fövqəladə əhəmiyyətə malik olmayacaq. Bilirsiniz ki, bunun üçün daha ciddi istiqamətlərdə razılaşmalar əldə olunmalıdır. Yalnız onlardan sonra icmaların birgə yaşayışı istiqamətində müzakirələrin aparılması nəticəsində nələrəsə nail olmaq mümkündür”.
Məhəmmədəli QƏRİBLİ