Yeganə Hacıyeva: “Bizim dövlət siyasətimiz və diplomatiyamız təşkilatın qayəsini təşkil edən prinsiplər üzrə tam ixtisaslaşıb”
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində Azərbaycanın müxtəlif beynəlxalq qurumlar və platformalardakı təmsilçiliyindən danışıb. Bu xüsusda ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatı ilə olan əlaqələrindən bəhs edib.
Prezident bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi beynəlxalq arenada öz rolunu artıracaq: "Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə çox sıx dostluq, o cümlədən ticari-iqtisadi sahədə münasibətlərimiz var. Bizim həmin ölkələrlə azad ticarət haqqında müqaviləmiz mövcuddur. Əlbəttə, bizim əsas ticari-iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır. Bizdə azad ticarət formatı da mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq potensialını gücləndirəcəyik. İndiki mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyır, bəzən də üçtərəfli, amma daha geniş deyil. Gələn il hadisələrin necə davam edəcəyini və konkret nəticələri zaman göstərəcək. Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, Azərbaycanın tərəfdaşları olan ölkələr bizə necə dəstək göstərirlərsə, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar".
Göründüyü kimi, ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədr ölkəsi kimi beynəlxalq arenada öz rolunu artıracağını bildirib. Bu istiqamətdə Azərbaycanın nə kimi imkanları var?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bunun üçün əvvəlcə Qoşulmama Hərəkatının əhatə dairəsi və sanbalına fikir vermək lazımdır: “Dünyada çox ciddi çəkiyə malik olan bu hərəkat 1961-ci ildə, “soyuq müharibə” dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmurlar. 2012-ci ildə üzv dövlətlərin sayı 120-yə çatan bu blokda 17 ölkə də müşahidəçidir. Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.
Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və 2019-cu ildə hərəkatın XVIII Zirvə toplantısına evsahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu, böyük məsuliyyət və ölkəmizin dünya miqyasındakı rolunun artması deməkdir. Bir faktı xüsusi olaraq vurğulayım ki, Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq ölkədir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını alıb”.
Politoloq bildirdi ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bizim beynəlxalq arenada rolumuzu artırmaq üçün kifayət qədər təcrübə və potensialımız mövcuddur: “Bizim dövlət siyasətimiz və diplomatiyamız təşkilatın qayəsini təşkil edən prinsiplər üzrə tam ixtisaslaşıb. Sədr ölkə olaraq biz topladığımız təcrübədən də maksimum istifadə edəcəyik. Bundan əlavə, Azərbaycanın balanslı xarici siyasət yürütməsi imkan verir ki, bir çox məsələlərlə bağlı ortaq məxrəcləri tapa bilsin. Ölkəmizdə yaradılan gözəl infrastruktur Hərəkata sədrlik etdiyimiz dönəmdə quruma aid tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Bütün bunlar bizim koordinasiyalı fəaliyyətimizi sədr ölkə kimi daha da gücləndirəcək. Biz, eyni zamanda, qazanacağımız yeni statusumuzla dünyada mühüm bir orbitr rolunu aparan ölkəyə çevriləcəyik”.
Məhəmmədəli QƏRİBLİ