“Şübhəsiz ki, bu da bəzi dairələri narahat edir və onlar da ayrı-ayrı beynəlxalq təşkilatların vasitəsilə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib. Müsahibəsində ən müxtəlif məsələlərə toxunan ölkə başçısı bəzi beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının pozulması iddiası ilə qəbul etdikləri qərəzli bəyanatlara da toxunub. “...Bir qayda olaraq, bunlar bizim ümumiyyətlə iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur...Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər” - deyə dövlət başçısı müsahibəsində bildirib.
Prezident İlham Əliyevin toxunduğu məsələni şərh edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycana qarşı belə çirkin kampaniya aparan qüvvələrin arxasında bir neçə faktorun dayandığı hər kəsə məlumdur. “Birinci, şübhəsiz ki, həmin o təşkilatları himayə edən və onların arxasında dayanan qüvvələrin korporativ maraqları müxtəlif kontekstdən dəyərləndirilə bilər. Bura həm ayrı-ayrı güc mərkəzlərinin geosiyasi və geoiqtisadi, yaxud konkret biznes dairələrinin iqtisadi maraqları daxildir. Sözsüz ki, erməni lobbisinin, diasporunun maraqlarını da bu məsələyə aid etmək olar. Uzun illərdir bu cür təşkilatlar ölkəmizə qarşı belə çirkin kampaniyalar həyata keçirirlər. Məqsəd də ondan ibarətdir ki, ilk növbədə, Azərbaycanın apardığı müstəqil siyasətin qarşısına sədd çəkib ölkəmizi bu yoldan çəkindirsinlər. Azərbaycan bəzi təşkilatların həyata keçirmək istədiyi heç bir pozucu layihədə iştirak etməyib. Dövlətimiz qonşularla münasibətdə ənənəvi olaraq yaxın qonşuluq prinsiplərini götürür, ölkəmizi hər hansı bir təşkilat, o təşkilatın arxasında dayanan güc mərkəzləri, bu və ya digər mənada, qonşular əleyhinə yönəltmək iqtidarında deyil. Şübhəsiz ki, bu da bəzi dairələri narahat edir və onlar da ayrı-ayrı beynəlxalq təşkilatların vasitəsilə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Biz o təşkilatların fundamental hüquq pozuntusu ilə bağlı bu günə qədər hər hansı bir mövqeyinə rast gəlməmişik. Yəni onların 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə bağlı fundamental mövqeləri olmayıb. Təbii ki, bu hadisənin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxması hər hansı bir formada vurğulanmayıb” - deyə bildirən E.Mirzəbəyli onu da nəzərə çatdırdı ki, bu təşkilatlar işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən qanunsuz olaraq girov saxlanan azərbaycanlı girovların hüquqlarının müdafiəsilə əlaqədar hər hansı bir prinsipial mövqe ortaya qoymayıblar. “Qərbdə, həmin o təşkilatların mövcud olduğu ölkələrdə baş verən problemlərlə, kütləvi olaraq insan hüquqlarının pozulması ilə bağlı hər hansı bir mülahizə, fikir irəli sürülməyib. Bu təşkilatlarla bağlı çox fikirlər bildirmək olar. Onların fəaliyyəti sübut edir ki, əslində, bu qurumlar onları yaradan, himayə edən və geosiyasi alətə çevirən dairələrin maraqlarına xidmət etməyi davam etdirirlər” - deyə E.Mirzəbəyli qeyd etdi.
İradə SARIYEVA