“Bunlar iqtidarın həyata keçirdiyi məqsədyönlü və Azərbaycanın strateji, milli təhlükəsizlik maraqlarına cavab verən siyasəti nəticəsində əldə olunub”
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Ölkə başçısının sözlərinə görə, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır: “Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var. Bizim inkişafa, apardığımız müstəqil siyasətə mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır. Bizim ölkədə - Azərbaycanda heç bir potensial risq, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq”.
Azərbaycanda həyata keçirilən düşünülmüş və rasional siyasət ölkənin həm geosiyasi, həm də iqtisadi müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda lider dövlət statusunda çıxış edir. Ölkədə sağlam dayaqlara əsaslanan sabitlik hökm sürür. Daxildə sabitliyi poza biləcək ideoloji, siyasi və digər buna bənzər təhdidlər yoxdur. Əlbəttə ki, bütün bunlar Azərbaycanın əldə etdiyi uğurlardır.
Maraqlıdır, bəs bütün bunlar nəyin hesabına əldə edilib?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov bütün bunları ölkədə həyata keçirilən uğurlu siyasətlə əlaqələndirdi: “Bunlar iqtidarın həyata keçirdiyi məqsədyönlü və Azərbaycanın strateji, milli təhlükəsizlik maraqlarına cavab verən siyasəti nəticəsində əldə olunub. Region dövlətləri və dünya gücləri ilə münasibətlərdə subordinasiyanın saxlanması, balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi hesabına mövcud nəticələr əldə edilib. Təbii ki, bütün hallarda, Azərbaycan beynəlxalq güvənc yeri, etimad qazanmış bir dövlətdir. Ancaq bütün bu uğurların arxasında xalq-iqtidar birliyi dayanır. Çünki ölkədə sabitliyin təmin olunması həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatlardan, siyasi sistemin təkmilləşdirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Bütün bunlarla yanaşı, sabitlik ölkəyə xarici sərmayənin gəlməsinə münbit şərait yaradır. Bu sabitlik dünya kapitalının diqqətini cəlb edən məsələdir. Çünki sabitliyin olmadığı ölkələrə kapital qoyulmur. Region dövlətlərilə olan münasibətlərin mehriban qonşuluq, qarşılıqlı anlaşma prinsipləri üzərində qurulması ölkədəki sabitliyə öz töhfəsini verir. Eyni zamanda, dünya gücləri ilə münasibətlərdə hər iki tərəfin maraqlarına cavab verən amillər, Azərbaycanın, heç şübhəsiz, Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün bunlara öz təsirini göstərir. Azərbaycanın neft-qaz strategiyasının çoxvektorlu olması və bunun ölkənin milli təhlükəsizlik maraqlarına işləməsi, həmçinin, iqtisadi mənfəət gətirməsi ölkənin əldə etdiyi uğurlardır. Bununla belə, ölkədə həyata keçirilən islahatlar, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində ortalığa qoyulan mövqe ümumi işə öz töhfəsini verir. 2003-cü ildən ölkədə yoxsulluq həddində yaşayan əhalinin 49 faizdən 5 faizə enməsi və digər amillər öz müsbət bəhrəsini verir. Bütün bunları kompleks şəkildə götürəndə məlum olur ki, ölkədə mövcud olan siyasi-iqtisadi sabitlik ciddi əsaslara söykənir”.
Vidadi ORDAHALLI