“Erməni KİV-lərinin deyilən istiqamətdə apardığı təbliğatı uğursuz və həqiqətdən uzaq bir cəhd kimi qiymətləndirmək mümkündür”
Ermənistan hakimiyyəti KTMT-dən aldığı zərbəni heç cür həzm edə bilmir. Məhz buna görə də həmin ölkənin təbliğat maşını hər gün yeni istiqamət seçərək, KTMT-nin bəzi məqamlarda sırf Ermənistandan asılı olduğuna dair sərsəm iddialar səsləndirir. Məlum olduğu kimi, KTMT-nin beş üzv ölkəsi Belarus təmsilçisi Stanislav Zasın baş katib olmasına razılıq verib. Zas 12-20 dekabr tarixlərində KTMT üzvü olan Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya rəhbərliyi ilə görüşüb, onların dəstəyini alıb.
Maraqlıdır ki, Ermənistan rəhbərliyi hələ də KTMT-nin baş katibi postuna yeganə namizədlə bir araya gəlməkdən yayınır. Ermənistan KİV-ləri bu istiqamətdə təbliğat apararaq bildirirlər ki, KTMT-nin yeni baş katibinin seçilməsi sırf rəsmi İrəvanın mövqeyindən asılı olan məsələdir. Yəni İrəvan istəsə, Zasın baş katib təyinatı reallaşmaya bilər.
Bu istiqamətdə qurulan erməni təbliğatını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın bu məsələdə dirəniş göstərə biləcəyi inandırıcı sayıla bilməz: “Ölkə bütün istiqamətlər üzrə təlatümlər içindədir. Ermənistanın cəsarəti çatırdısa, Astana sammitindən sonra KTMT-ni tərk etdiyini söyləyəydi. Gördünüz ki, onları rotasiya qaydasında haqları olan baş katiblikdən uzaqlaşdıranda belə, həmin addımı atmağa cürətləri çatmadı. Çünki bunun bədəlinin ağır olacağının fərqindədirlər. KTMT-nin baş katibliyinə namizəd kimi irəlü sürülən Stanislav Zasın məsələsi artıq öz həllini tapmış olub. Əgər o, KTMT-yə üzv olan Ermənistan istisna olmaqla bütün ölkələrin rəhbərləri ilə görüşüb xeyir-duasını alıbsa, Ermənistanın guya özündən nəsə kəşf etməsi yersizdir. Ən yaxşı halda, Paşinyan Zasla görüşdən yayına, yəni bir neçə gün qaçıb gizlənə bilər. Bundan artığına onların gücü çatan deyil. Ermənistan KTMT-nin digər üzvlərini birlikdə demirəm, tək Rusiyanın qərarlarına qarşı çıxa biləcək gücdə deyil. Rəsmi Moskvaya yaxın olan dairələr isə hesab edirlər ki, KTMT-nin baş katibinin təyinatı məsələsi ilin sonunadək həllini tapacaq. Rusiya hakimiyyətinə yaxın olan media yazır ki, Moskva ilə İrəvan arasında olan bir çox məsələlər məhz 27 dekabrda, Putin-Paşinyan görüşündən sonra öz həllini tapmış olacaq. Düşünürəm ki, həmin görüşdə Ermənistan-Rusiya münasibətlərində vacib sayılan digər məsələlər də müzakirə ediləcək”.
Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın dirəniş göstərərək nəyəsə nail ola biləcəyi də mümkünsüzdür: “Gəlin bəzi versiyaları nəzərdən keçirək. Ermənistan, ümumiyyətlə, proseslə razı deyilsə, qurumu tərk etməlidir. Bunu da edə bilmir. Özünün baş katibliyindən getdiyinə etiraz edirsə, yenidən o posta qayıtması mümkün deyil. Artıq Belarusun namizədi məsələsi tam həllini tapıb. Ən sonunda isə deyə bilərik ki, onsuz da təklənən Ermənistan yenidən 5 ölkəni öz üzərinə qaldırmaqda maraqlı olmaz. Bu baxımdan da erməni KİV-lərinin deyilən istiqamətdə apardığı təbliğatı uğursuz və həqiqətdən uzaq bir cəhd kimi qiymətləndirmək mümkündür”.
Məhəmmədəli QƏRİBLİ