Türkiyənin qaza ehtiyacı var, Rusiya yoxdur, Azərbaycan isə var...
.jpg?v=1520254601)

Qərblə şimal qonşumuz arasında son il yarım ərzində artan gərginlik Avropanın Rusiyadan aldığı qazın başqa mənbələrlə əvəzlənməsi məsələsini daha da aktuallaşdırıb. Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Migel Arias Kanyete bu fonda bildirir ki, Avropa Komissiyası enerji təminatında təhlükəsizliyi prioritet məsələ hesab edir və bu məqsədlə enerji nəqli marşrutlarının diversifikasiyasını vacib sayır.
Avropanın Rusiya qazından asılılığının azaldılması mövzusuna toxunan Kanyete qeyd edib ki, Avropa Komissiyası İtaliyanı Azərbaycanla birləşdirən Cənub Qaz Dəhlizi kimi layihələrə dəstək verir":Beləliklə biz Azərbaycan qazına çıxışı təmin edə bilərik". Bu arada isə energetika naziri Natiq Əliyev də diqqətə çatdırıb ki, Məşvərət Şurasının Cənub Qaz Dəhlizi ilə bağlı növbəti toplantısı Bakıda keçirilə bilər. Layihənin Azərbaycana məxsus olduğuna diqqət çəkən nazir Şuranın iclasının növbəti ilin fevralında reallaşacağını istisna etməyib.
Həmçinin, dəhlizə daxil olan layihələrlə bağlı Türkiyə və Azərbaycanda reallaşdırılan işlərdən razı qalındığını deyib: "Məşvərət Şurasının iclasından bir il ötüb. Müzakirə ediləcək məsələlər var. Bu ilin sonuna iclasın baş tutmasını çatdırmarıq. Gələn ilin fevral ayında növbəti iclas təşkil edilə bilər. Azərbaycanda və Türkiyədə görülən işlərdən razıyıq. Məlum səbəblərdən Almaniya, İtaliya və Yunanıstanda aparılan işlərə diqqət artırılmalıdır. Bu ölkələrdə işlər sürətləndirilməlidir". Qeyd edək ki, söhbət burada əsas etibarı ilə TAP kəmərindən gedir. Azərbaycan TAP-ın çəkilməsi istiqamətində meydana çıxan problemlərdən narazıdır. TAP konsorsiumunun ötən il üçün maliyyə auditi hesabatını aparan "Deloitte" şirkəti bildirir ki, layihənin qarşısında siyasi səbəblərdən, çoxsaylı icazələrin alınmasından, hansısa gözlənilməz hadisələrdən və ya geoloji risqlərdən qaynaqlanan potensial problemlər dayanır. Bu əngəlləri vaxtında aradan qaldırmaq mümkün olmasa, müəyyən ciddi problemlər yarana bilər. Konsorsium TAP kəmərinin tikintisinə 2016-cı il mayın 16-da başlamağı planlaşdırır. "Şahdəniz-2" qazını Avropa bazarına çıxaracaq bu kəmər Türkiyənin Yunanıstanla sərhədindən başlanğıc götürərək İtaliyanın Leççe əyalətinin Melendugno bələdiyyyəsinin ərazisində yekunlaşmalıdır. Qarşıda böyük işlər durur, çünki 878 kilometr uzunluğunda boru xətti çəkmək lazımdır. Audit hesabatında deyilir ki, layihə ilə bağlı investisiya layihəsinə problem yoxdur. Çünki Avropa Yenidənqurma və İnkişaf Bankı qitənin energetika təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən bu layihəni maliyyələşdirməyə hazırdır. Lakin TAP-ın 2014-cü il büdcəsinə dair hesabat meqalayihədə bəzi problemlərin olduğunu üzə çıxarıb. Belə ki, konsorsium ili 100 milyon avro ziyanla başa vurub. Tikintinin hələ başlamadığı nəzərə alınarsa, bu, normal hesab edilə bilər.
Ancaq bildirilir ki, vaxt TAP-ın əsas düşmənidir. Əsas səhmdarları BP, SOCAR, "Statoil", "Fluxys", ENAGAZ və "Axpo" olan bu konsorsiumun maliyyə auditinə dair hesabatda deyilir ki, layihə zamanla dəyişə bilər bir sıra risqlərlə qarşı-qarşıyadır. Bura siyasi və ya texniki problemlər daxildir. Həmin problemlər layihənin vaxtında həyata keçirilməsinə mane ola və xərclərin artmasına gətirib çıxara bilər. Konsorsium kəmərin tikintisini 2020-ci ilə qədər başa çatdırmalıdır. Lakin İtaliyanın cənub regionlarının yerli bələdiyyələri kəmərin tikintisini ləngitməyə çalışır, onun ətraf mühitə zərər vuracağını iddia edir və müxtəlif əngəllər yaradılır. Auditorlar deyir ki, konsorsium tikintini yerli bələdiyyələrlə razılaşdırmaq üçün çoxsaylı icazə sənədləri almalıdır. İtaliyanın mərkəzi hökuməti TAP-ın marşrutunu təsdiqləsə də, kəmərin keçdiyi ərazilərdə torpaqların satın alınması, yerli hakimiyyət orqanlarının yaratdığı bürokratik əngəlləri aşmaq əlavə vaxt apara bilər. Bundan isə Avropa uduza bilər. Məsələ burasındadır ki, Türkiyə Azərbaycandan böyük həcmdə qaz almağa hazır olduğunu bildirir. Yəni Azərbaycan qazı üçün bazar var.
Artıq Türkiyə rus təbii qazına alternativ qaz tədarükünü nəzərdən keçirir. Azərbaycandan və İrandan qaz alışı ilə yanaşı, Qətər, Əlcəzair və Nigeriyadan mayeləşdirilmiş qaz tədarükü də artırılacaq.
Amma əsas diqqət Azərbaycana yönəlib. Ankara bu fonda TANAP kəmərinin çəkilişinin sürətlənməsində də maraqlıdır. Bu kəmərlə ilk mərhələdə 16 milyard kubmetr qaz axacaq. Ankara onun Avropaya gedəcək hissəsini də almağa hazır olduğunu gizlətmir.
Nahid SALAYEV