“Azərbaycan və Ermənistan rəsmiləri ilə əlaqə saxlayırıq. Sərhədlərimizin təhlükəsizliyi bizim üçün vacibdir”. Bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani mətbuat üçün brifinqdə deyib.
Kənaninin sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycan Respublikasının yeni hərbi münaqişəyə başlaya biləcəyi ehtimalı ilə bağlı narahatlığını bildirib: “Ermənistan Azərbaycanın hər an hücum edə biləcəyindən narahatlığını ifadə edir. Azərbaycan bizə bildirdi ki, belə bir niyyəti yoxdur. Azərbaycan hakimiyyəti fərqli mesaj verərək, hərbi hücum törətmək niyyəti olmadığını bildirib. Bu yaxınlarda qoşunların yerdəyişməsinin qışın yaxınlaşması ilə əlaqədar həyata keçirilən adi hərbi əməliyyatın tərkib hissəsi olduğunu izah edib. Belə ki, dağlıq rayonlarda mürəkkəb relyefdə istiqaməti müəyyən etmək daha da çətinləşir”.
Məgər Azərbaycan İrana hesabat verir ki, Ermənistana hücum edəcəm ya yox?Azərbaycan bu kimi məsələləri kiməsə fərdi hesabat kimi yox, hamıya açıq bəyanat formasında, bəyan edir.
“İran tərəfi Ermənistandan izahat tələb etmək əvəzinə, məsələni fərqli istiqamətdə yozur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İranın belə tələblərlə çıxış etməyə haqqı yoxdur: “Əvvəla, Ermənistan Azərbaycana qarşı hərbi hərəkətliyi həyata keçirir və bütün danışıqlarından çıxır. Brüssel və Vaşinqton danışıqlar formatını sabotaj edir. Ermənistanın məqsədi Qarabağı Azərbaycandan ayırmaqdır. İlk əvvəl separatçılar öz müqəddəratını təyin etmək adı altında varlıqlarını legitimləşdirsinlər, daha sonra perspektivdə Ermənistanla birləşsinlər. Ermənilərin planı bundan ibarətdir. Ona görə də hər vasitə ilə çalışırlar ki, Azərbaycana zərbə vursunlar, ölkəmizin beynəlxalq imicini zədələsinlər. Ermənistan Azərbaycanla sərhəddə ordu birləşmələrini cəmləyir və bu da bölgədə gərginliyin artmasına öz təsirini göstərir. Bütün bunları İran hakimiyyəti də hamıdan yaxşı bilir. Çünki Azərbaycan hər zaman sülh tərəfdarı olub. Azərbaycan 5 təməl prinsiplərindən çıxış edərək sülh təklifləri verib, Alma-Atı bəyannaməsini dəstəkləyib. İran isə bütün bunları görməzdən gələrək ümumi çağırışlarla çıxış edir. İran belə görüntü yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistana qarşı hərbi hərəkətliyə başlayıb. Halbuki, Azərbaycanın Ermənistana yönəlik ərazi iddiası yoxdur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra biz də analoji addımı atarıq. Ancaq Ermənistan məsələyə fərqli konteksdən yanaşır və Paşinyan Qarabağla bağlı dolayı mesajlar verir. İran isə bütün bunları görməzdən gəlir. Bu isə fars şovinizminin necə təhlükəli bir ideologiya olduğunu ortaya qoyur. İran hər zaman Ermənistanın əli ilə Azərbaycana qarşı vəkalət müharibəsi aparmağa çalışıb. Ona görə də Tehran rejimi rəsmilərinin açıqlamaları sadəcə manipulyasiyadır. İran tərəfi Ermənistandan izahat tələb etmək əvəzinə, məsələni fərqli istiqamətdə yozur”.
Vidadi ORDAHALLI