“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bildirib ki, Laçın dəhlizi indi açılmalıdır, Ağdam kimi digər yollar isə alternativ kimi deyil, ümumi razılaşmanın bir hissəsi kimi açıla bilər”.
Erməni mediasının məlumatına görə,bunu Borel özünün X səhifəsində (keçmiş Twitter) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığının təfərrüatları barədə belə yazıb.
Daha sonra o, bunları qeyd edib: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Qarabağ ermənilərinin düşdüyü humanitar vəziyyətdən narahatlığımı bir daha təsdiqlədim. Laçın dəhlizi indi açılmalıdır. Ağdam kimi digər yollar da razılaşma çərçivəsində açıla bilər, lakin alternativ olaraq deyil”.
“Borel neçənci dəfədir ki, Azərbaycanın maraqlarına zidd mövqe sərgiləyir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Borelin timsalnda bəzi Avroittifaq rəsmiləri həyasızcasına ermənipərəst mövqe sərgiləyirlər: “Əvvəla, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti bir sıra hallarda ənənəvi olaraq ikili standartlara söykənir. Bir tərəfdən Qarabağda qondarma “seçkiləri” tanımadıqlarını qeyd edirlər, o biri tərəfdən Azərbaycanın ərazi bütövlüyünə zərər vuracaq mövqedən ççıxış edirlər. İsdər Qarabağ, istərsədə Laçın Azərbaycanın suveren ərazisidir. Haradan hansı yükün keçməsinə rəsmi Bakı icazə verməlidir. Belə olan halda Borel nə əsasla deyir ki, Laçın dəhlizi indi açılmalıdır, Ağdam yolu isə razılaşma çərçivəsində açıla bilər? Bu, açıq şəkildə erməni separatçıların təəssübünü çəkmək anlamına gəlir. Borel neçənci dəfədir ki, Azərbaycanın maraqlarına zidd mövqe sərgiləyir. Nəinki Azərbaycanın, beynalxalq hüquqa zidd mövqe sərgiləyir. Hesab edirəm ki, Borel kimibəzi Avroittifaq rəsmilərinin bu cür riyakar açıqlamaları erməni separatçılarını daha da ruhlandırır. Nəticədə döyüş meydanında məğlub olmalarına baxmayaraq, siyasi müstəvidə daha azğın mövqedən çıxış edirlər. Bənzər ikili standartların nəticəsi idi ki, ərazilərimiz 30 il işğal altında qaldı. Ermənistan xoşluqla işğala son qoymadı. Zamanında Qərb işğala qarşı daha sərt mövqe sərgiləsəydi, sanksiyaları tətbiq etsəydi Ermənistan işğalı bu qədər uzanmazdı. Minlərlə insan bunun yaratdığı fəsadların qurbanı olmazdı. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji və nəqliyyat-logistika maraqlarının təmin olunması istiqamətində böyük işlər görür, amma bəzi Aİ rəsmiləri erməni separatizminə qahmar çıxırlar. Əlbəttə ki, bütün bunlar təəssüf doğuran haldır. Ancaq kimin nə deməsindən asılı olmayaraq Azərbaycan öz bildiyini etməlidir. Separatçıların kökünü qazmalıyıq”.
Vidadi ORDAHALLI