“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Putin bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: “Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”.
Bütün bu deyilənlərin fonunda, Putinin bu bəyanatı nə deməkdir?
“Putin etiraf etdi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və Rusiyanın artıq edəcəyi bir iş qalmayıb”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Putinin bu açıqlaması mühüm əhəmiyyət kəsb edir: “Düzdür, Putinin fikirlərində bəzi təhrikedici məqamlar var. Burada məqsəd erməni əhalisini Paşinyana qarşı qaldırmaqdır. Bu da onunla əlaqədardır ki, Rusiya əvvəlki qüvvələrin hakimiyyəti ələ keçirməsini istəyir. Ancaq fakt-faktlığında qalır. O da ondan ibarətdir ki, Putin bir sıra məsələləri etiraf etdi. Putin etiraf etdi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və Rusiyanın artıq edəcəyi bir iş qalmayıb. Hesab edirəm ki, bu, çox önəmli məqamdır. Çünki Qarabağ məsələsinin həllində ən böyük maneə həm də Rusiya olub. Rusiyanın yardımı olmadan ərazilərimizi ermənilər işğal edə bilməzdilər. Daha sonra uzun müddət ərazilərimizi işğal altında saxlaya bilməzdilər. O baxımdan, Rusiya prezidentinin mövqeyi status məsələsinin birdəfəlik gündəmdən çıxarılmasına müsbət təsir göstərə bilər. Fikrimcə, bunun status və digər məsələlərlə bağlı ciddi nəticələri olacaq”.
Vidadi ORDAHALLI