Ermənistan Baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibəsində sərhədimizə ordu yığmasından danışıb.
Paşinyan sərhəddə gərginlik olduğunu gizlətməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan həmçinin bildirib ki, sərhəd təhlükəsizliyimizə yeni elementlər əlavə edə biləcək vasitələrdən istifadə edirik.
O, Qarabağ ətrafında Azərbaycan ordusunun da cəmləşdiyini iddia edib: “Hökumətin son iclasındakı qiymətləndirmələrim bu gün də dəyişməyib”.
Paşinyan bildirib ki, Azərbaycanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək istəyir.
Paşinyan müzakirələrə səbəb olan Putinə nə üçün zəng etməməsi məsələsinə də toxunub.
O bildirib ki, Putin vəziyyəti hamıdan yaxşı bilir: "Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub".
Paşinyan bildirib ki, 2020-ci ildə biz Ukraynaya səfər etmədik, Roma Əsasnaməsini ratifikasiya etmədik, ABŞ ilə hərbi təlimlər keçirmədik, lakin bu, müharibəyə mane olmadı.
Paşinyanın bu yanaşması onun Rusiyadan ümidini tam kəsdiyinə bir işarə ola bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatına hazırlaşdığını bilərək, Rusiyanın mümkün seyrçi mövqeyinin tənqidinə əvvəlcədən zəmin yaradır ki, sabah “mən axı deyirdim, Ermənistanın Rusiya ilə ittifaqı yanlış idi və Rusiya Cənubi Qafqazı tərk edib” fikrinə istinad edə bilsin: “Rusiya və Ermənistan arasında vəziyyət gərgin olaraq qalır. Lakin bununla belə, Rusiya tərəfi son açıqlamalarında sanki Ermənistanla müttəfiqliyi pozmamaq üçün çalışır.
“Rusiya Ermənistanın simasında müttəfiqini itirməkdən qorxmur, Moskva və İrəvan yaxın olaraq qalır".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Ermənistan tərəfinin mövqeyi məlumdur. Ermənistan ən gərgin situasiyada hətta özünə rəsmi müttəfiq olan ölkələri belə çox çətin vəziyyətdə qoymağı bacarır. Bunu da bu gün praktiki olaraq göstərir. Amma görürük ki, Rusiya Ermənistandan yenə əl çəkmir. “Biz müttəfiqik" anlayışı ilə yoluna davam edir.
Son dövrə qədər köhnə Sovet ölkələrinə baxsaq, Rusiya ilə Ermənistan qədər yaxın olanı yox idi. Qafqaz ölkəsi Gümrüdəki 102-ci hərbi bazada 5 mindən çox rus qoşununa ev sahibliyi edirdi. Rusiya isə Ermənistanın enerji xətlərindən tutmuş telekommunikasiyaya qədər strateji iqtisadi sahələrinə güclü təsir edirdi. Rusiya Ermənistanın ümumi ticarətinin 25%-ni təşkil etməklə, həmçinin Ermənistanın ən böyük ticarət əməkdaşı və erməni miqrantların əsas “son dayanacağı” idi. Paşinyanın istəyi budur ki, Rusiya gəlib KTMT adı ilə onların əvəzindən Azərbaycanla vuruşsun. Bu da alınan deyil”.
Məhəmmədəli QƏRİBLİ