Bakı ravvini Zamir İsayev hələ də Ermənistanda yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb. Avropa və Amerikada ravvinlərin erməni təbliğatı ilə Azərbaycanı demonizasiyasına və Holokost mövzusundan istifadəsinə qarşı kampaniyanın təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda qalan son yəhudilərə videomüraciət edib.
Videomüraciətdə deyilir ki, İrəvanda yaşayan bir neçə yəhudi onunla əlaqə saxlayaraq böyük təzyiq altında olduqlarını deyib: “Onlar erməni təbliğatının Holokost terminologiyasından istifadəsinə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrini ravvinlərinin təşəbbüsü ilə bağlı təhdid edilirlər. Hələ də Ermənistanda yaşayan bir neçə yəhudiyə müraciət edirəm ki, bu ölkəni tərk etsinlər. Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadəni müdafiə etməyə məcbur edilirsinizsə, oradan çıxın! Elə bir ölkəyə gedin ki, yəhudilərə dini baxışlarına görə təqib edilmirlər. Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!”.
Məlum müraciət Azərbaycanda yaşayan yəhudi icmaları, mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.
“Azərbaycanlılar nəniki burada yaşayan yəhudilərə, ümumən başqa millətlərə də həddindən artıq tolerant yanaşıblar, birgəyaşayışı ən yüksək səviyyədə təmin ediblər”
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda da yəhudi əsilli vətəndaşlar var: “Orda yaşayan yəhudilər hiss etsələr ki, yaşayış üçün uyğun şərait mövcud deyil, təhlükəsizlik təmin olunmursa o zaman onlar düşünmədən Azərbaycana gələ bilərlər. Çünki Azərbaycanda nəinki yəhudilər, o cümlədən digər dövlətlərin vətəndaşlarına qayğı və hörmət var. İstənilən bir millətin nümayəndəsi arzusudur ki, Azərbaycan kimi inkişaf etmiş ölkədə yaşasın. Ermənistanda yəhudi sıxıntısı olarsa onlar düşünmədən Azərbaycana gələ bilərlər. Ermənistanda yaşayan yəhudilər qonşu ölkələrə gətməkdənsə ən münasib yer elə Azərbaycandır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda yəhudilər xüsusi qayğı göstərilir. Belə ki, Azərbaycanda 5 dən çox yəhudi icması fəaliyyət göstərir. Həmçinin, sinaqoqlar da mövcuddur.
N.Əbilovun sözlərinə görə,Azərbaycanda həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Azərbaycanda antisemitism əlamətləri heç vaxt müşahidə olunmayıb: “Azərbaycan bütün dünya üçün gözəl tolerantlıq nümunəsidir. Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Tarix dəfələrlə sübut edib ki, azərbaycanlılar nəniki burada yaşayan yəhudilərə, ümumən başqa millətlərə də həddindən artıq tolerant yanaşıblar, birgəyaşayışı ən yüksək səviyyədə təmin ediblər”.
Günel CƏLİLOVA