“Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.
İran XİN rəsmisi dah sonra bunları əlavə edib: “Bu region xalqının hüquq və təhlükəsizliyi konkret çərçivədə təmin edilməlidir. Bu bizim rəsmi mövqeyimizdir”.
Kənani bildirib ki, İran şimal qonşuları ilə ortaq sərhədlərinin təhlükəsizliyinə böyük əhəmiyyət verir. O, İranın sərhədlərinin təhlükəsiz olduğuna inandırıb və ölkənin Qafqazdakı hadisələrin izlənilməsində daim ayıq olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.
Yaxşı ki, İran Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ancaq İrana Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi konkret çərçivədə təmin edilməsinin nə dəxli var? Məgər Qarabağ İran sərhəddindədir?
“Məgər Azərbaycan indiyə qədər İranın Xuzistan vilayətinin etnik sakinləri olan ərəblərin...”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, molla rejimi ermənilərin təəssübünü çəkməkdən geri qalmır: “Məlum olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsində, İran hər zaman Ermənistanın yanında olub. Bir zamanlar bunu gizli şəkildə edirdilər. Daha sonra açıq surətdə ermənilərə dəstək verdiklərini bəyan etdilər. 44 günlük müharibə dövründə biz İranın Ermənistana necə açıq dəstək verdiyini görmüşük. Konkret olaraq Azərbaycan Ordusu Arazboyu Zəngilan istiqamətində irəliləyərkən İran buna mane olub. Nəticədə ordumuzu bir gün yubadıblar ki, bu da ermənilərə əraziləri minalamağa imkan verib. Müharibə bitəndən sonra da İran Azərbaycana qarşı ritorikanı sərtləşdirdi, Araz çayı boyunca bir neçə dəfə hərbi təlimlər keçirdi. Halbuki, ərazilərimiz 30 ilə yaxın işğal altında olanda İran o istiqamətdə bir dəfə olsun hərbi təlim keçirmədi. İndi də İran XİN rəsmisi Nasir Kənani deyir ki, region xalqının hüquq və təhlükəsizliyi konkret çərçivədə təmin edilməlidir. Yəni, Qarabağdakı etnik ermənilərin. Soruşmaq lazımdır siz kimsiniz? Məgər Azərbaycan indiyə qədər İranın Xuzistan vilayətinin etnik sakinləri olan ərəblərin təhlükəsizliyinin təmin edilməsi məsələsini gündəmə gətirib? Yox. O zaman nə haqla bizim daxili işimizə qarışırlar? Bütün bunlar Azərbaycanın öz daxili işidir və kiminsə buna qarışmağa haqqı yoxdur. Qarabağdan minlərlə azərbaycanlı didərgin salınıb. Bir dəfə olsun İran bəyan etməyib ki, Qarabağdan qovulan azərbaycanlılar geri qayıtmalıdılar. Axı onların da hüquqları var. Müharibə dövründə Ermənistan qanadlı raketlərlə Gəncə və digər şəhərlərdə mülki yaşayış obyektlərini hədəf alanda bir dəfə rəsmi Tehran buna münasibət bildirmədi. İndi Qarabğ ermənilərinin təhlükəsizliyinin qaydına qalıblar. Bundan sonrakı dövrlərdə də İrandan belə hoqqabazlıqlar gözləmək olar. İndi İran deyir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bəs Qarabağ işğal altında olanda niyə bunu açıq və konkret demirdilər? İranın Ermənistanla sərhəddi 42 kilometrdir. İşğal dövrandə Azərbaycanın İranla sərhəddinin 132 kilometri Ermənistanın nəzarətində idi. Bəs onda niyə sərhədlərin dəyişməsinə etiraz etmirdiniz? Ona görə də konkret İranın mövqeyi, düşmən mövqedir. Azərbaycan xalqının kürəyinə zərbə vurmaq mövqeyidir. Tehran rejimi Azərbaycanın güclənməsindən, Türkiyənin regionda möhkəmlənməsindən narahatdır. İranın nə deməsindən asılı olmayaraqAzərbaycan Ermənistanın təcavüzkar siyasətiilə barışmır və barışmayacaq da. Qarabağdakı separatçı tör-töküntüləri məhv edilməlidir. Bir sözlə, Azərbaycan qardaş Türkiyə ilə birlikdə qarşısına qoyduğu hədəflərə çatacaq”.
Vidadi ORDAHALLI