Rusiya XİN başçısı Sergey Lavrov Hindistanda G20 zirvəsindən sonra mətbuata açıqlamasında "Dağlıq Qarabağı Azərbaycana 10 noyabr sənədi ilə Rusiya verdi" deyən Ermənistan rəsmilərinə çox sərt tonda cavab verdi və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də adından həqiqətə uyğun olmayan mövqe barədə bəyanat səsləndirdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
"Məsuliyyəti Rusiyanın üstünə atmasınlar və öz cəmiyyətlərinə özləri cavab versinlər" deyən Lavrov əlavə edib ki, 2020-ci il 10 noyabr sənədində o zamankı Dağlıq Qarabağın statusu ilə bağlı bir kəlmə də deyilmir, sənədi imzalayan hər 3 liderin mövqeyi belə idi ki, o zamankı Dağlıq Qarabağın statusu ilə bağlı ayrıca müzakirə aparılacaq, lakin sonradan Ermənistan onu Azərbaycanın ərazisi kimi tanımaqla hər şeyə nöqtə qoydu...
Cənab Lavrov birbaşa şəkildə deyir ki, 2020-ci ilin 10 noyabrında bəyanat imzalanarkən guya İlham Əliyev də "Dağlıq Qarabağın statusu ilə bağlı sonralar ayrıca müzakirə aparılması" mövqeyi ilə şərik olub .
Əvvəla, cənab Lavrovun "o zamankı Dağlıq Qarabağ ifadəsi" işlətməsi təqdirəlayiqdir.
2. Cənab Lavrova xatırlatmaq vacibdir ki, İlham Əliyev nəinki 10 noyabr sənədi imzalanan vaxt status məsələsinin sonralar müzakirə olunması fikrində deyildi, əksinə, İlham Əliyevin heç vaxt belə fikri olmayıb. Azərbaycan Prezidenti Vətən müharibəsinin son günlərindən etibarən "Nooldu status, status cəhənnəmə vasil oldu, status olmayacaq" kimi birmənalı mövqe bildirməmişdi? Müharibə günlərindən "status cəhənnəmlik oldu" deyən Prezident necə ola bilərdi ki, status barədə müzakirələri sonraya saxlasın?!
3. Azərbaycan Prezidenti status barədə heç bir müzakirənin aparılmayacağı ilə bağlı qəti və aydın mövqedədir, bu mövqe Azərbaycan xalqı tərəfindən dəstəklənir və heç vaxt dəyişməyəcək...
Tahir TAĞIYEV