Aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur. Bunu Hindistanda keçirilən G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.
Lavrov qeyd edib ki, NATO ölkəsinin Cənubi Qafqaz regionuna soxulmağa çalışması heç kəs, o cümlədən Ermənistan üçün yaxşı deyil və təhlükəlidir: “Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır. Ən yaxşı halda, onlar həmin yerdə sakit oturur, çox vaxt isə siyasi proseslər daxil olmaqla hər şeyi özlərininkinə uyğunlaşdırırlar. Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur. Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür”.
Maraqlıdır, Lavrovun səsləndirdiyi fikirlərdən çıxış edərək ABŞ-Ermənistan təlimlərinin bu ölkə üçün nə kimi təhlükəsi var? Lavrov bunu deməklə hansı təhlükəni nəzərdə tutur?
“Çox güman ki, Lavrov bütün bunları Rusiya üçün təhlükə hesab edir və bunu açıq bəyan edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov buna bir neçə prizmadan yanaşdı: “Doğurdan da Paşinyan hakimiyyətə gələndən sonra qərbyönümlü siyasət yeritməyə başladı. Bu da səbəbsiz deyildi. Çünki Paşinyan Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlmişdi. O üzdən, bəlli idi ki, bu qüvvələr Rusiyaya qarşı siyasət yeridəcəklər. Zamanla biz bunu gördük. Rusiyaya yaxın olan sabiq prezident Robert Köçəryan, baş qərərgah rəisi Yuri Xaçaturov və digərləri həbs edildi. Ermənistan KTMT təlimlərindən imtina etdi. Bütün bunlar onu göstərir ki, Ermənstan siyasiləri Rusiyadan qopmaqda qərarlıdılar. Buna da ABŞ və bir sıra Avropa ölkələri, xüsusən də Fransa böyük dəstək göstərir. Ötən il ABŞ Konqresinin aşağı palatasının rəhbəri Nensi Pelosinin Ermənistana gəlməsi və verdiyi bəyanatlardan görünürdü ki, Rusiyayaqarşı xətt davamlı olacaq. Onlar Rusiya qoşunlarının Ermənistandan çıxarılması və İrəvanın Qərbpərəst siyasət aparmasını dəstəkləyirlər. Üstəlik, Avropa İttifaqının müşahidə missiyası Ermənistan sərhəddinə yerləşdirəndə Rusiya ilə məsləhətləşmədilər. Onlar birbaşa Fransanın dəstəyi ilə həmin müşahidəçiləri gətirib sərhəddə yerləşdirdilər. Bundan sonra Rusiyanın Gümrüdəki bazası, İrəvandakı səfirliyi qarşısında aksiyalar təşkil olundu. Baxmayaraq ki, Ermənistanda Rusiyanın güclü şəbəkəsi var, amma Moskvaya qarşı proses səngimir. Qərbin verdiyi informasiyalardan çıxış edərək Paşinyan onun mühafizəsinə rəhbərlik edən şəxsi vəzifəsindən uzaqlaşdırdı. Belə məlumatlar da var ki, Rusiya “Vaqner” üzvləri vasitəsi ilə Paşinyanı devirmək istəyir. Bu gün də ABŞ-Ermənistan silahlı qüvvələrinin təlimləri başlayıb. Faktiki olaraq Ermənistan NATO-ya doğru istiqamətlənir. Çox güman ki, Lavrov bütün bunları Rusiya üçün təhlükə hesab edir və bunu açıq bəyan edir. Rusiya belə gedərsə, Ukraynada etdiklərini Ermənistanda təkrarlayacaq. Təsadüfü deyil ki, Ermənistanda siyasi qüvvələr arasında gərginlik artır. Təlimlərdən sonra Ermənistanda qarşıdurmaların olacağı güman olunur”.
Vidadi ORDAHALLI