Sentyabrın 9-da Ermənistan baş naziri Nikol Paşinyan isterika içində bir neçə dövlət başçısı ilə telefon əlaqəsi saxlayıb. Əvvəl Fransa prezidenti Emmanuel Makron Paşinyana zəng edib. Qeyd edilib ki, Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib, bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
Daha sonra Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub. Tərəflər Qarabağda vəziyyəti və Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər. Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə dair yanaşmalara sadiqliyini təsdiqləyib. Paşinyan vurğulayıb ki, Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazırdır.
Eyni zamanda Ermənistanın baş naziri İran prezidenti İbrahim Rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib. Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Bundan Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Maraqlıdır, bir gün ərzində Paşinyanın bir belə dövlət başçısı ilə telefon əlaqəsi nə deməkdir?
“Üç il əvvəl o məğlubiyyətdən canını sağ qurtara bildiyi üçün, bu dəfə belə bir şansı yoxdur”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov bunu Paşinyanın isterika içində olması ilə əlaqələndirdi: “Əvvəla, bu, 44 günlük müharibəni xatırlatdı. Həmin dövrdədə Paşinyan telefondan asılı qalmışdı. Xüsusən də Azərbaycan Ordusu sürətlə irəlilədikcə, Paşinyan bir sıra aparıcı dövlət başçılarına etdiyi zənglərin intensivliyini artırırdı. Son vaxtlar məlum olduğu kimi, Ermənistan açıq şəkildə pozuculuqla məşğul olur və öhtəliklərindən yayınır. Bir tərəfdən Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyir, o biri tərəfdən separatçılara “müstəqillik günü” ilə bağlı təbrik məktubu göndərir. Həmçinin Ağdam-Xankəndi yoluna qarşı təhrikçi mövqedən çıxış edir. Belə olan halda “Dəmir yumruq”un yenidən işə salınması gündəmə gəlir. O üzdən, ordu birləşmələrinin təmas xətti boyunca cəmləşməsi məlumatları Nikolu qorxutmağa başladı. Paşinyan qorxur ki, Azərbaycan yenidən hərbi əməliyyatlara başlayacaq. Üç il əvvəl o məğlubiyyətdən canını sağ qurtara bildiyi üçün, bu dəfə belə bir şansı yoxdur. O üzdən, isterik vəziyyətdə birsıra dövlət başçıları ilə telefonla danışdı. Paşinyanın son telefon zənglərinə baxsaq, beş dövlətin liderinə telefon zəngi açıb. Ancaq onların arasında Rusiya prezidenti Vladimir Putinlə yoxdur. Halbuki o, 44 günlük müharibədə dəfələrlə Putinə zəng edirdi. Görünən odur ki, onun Putinkə münasibətləri kritik haldadır, böhran yaşayır. Yoxsa Paşinyan birinci Putinlə danışardı. Bütün bunlara baxmayaraq, Paşinyan narahatdır. Paşinyan həm də Rusiyanın Azərbaycana növbəti müharibədə dəstək verəcəyindən qorxur”.
Vidadi ORDAHALLI