Məlum olduğu kimi, ötən həftə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.
Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.
Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyətinin başçısı general Əhədi Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatçılığını ifadə edib.
Adətən İran tərəfinin Ermənistana hansısa bu kimi eyham vurması çox nadir hallarda olur. Maraqlıdır, Ermənistanla İranın arasında nə baş verir? Söhbət hansı hərəkətlərdən gedir və iranlı nazir nədən narahatdır?
“Yoxsa iranlı general Bakıda səfərdə olarkən belə fikirlər səsləndirməzdi”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini ABŞ-ın Ermənistanda artan fəallığı ilə əlaqələndirdi: “Hərkəsə məlumdur ki, İran zaman-zaman Ermənistanın mövqeyini müdafiə edib. Nəyəsə görə İran Ermənistana etiraz etməyib. Ancaq 2018-ci ildə Ermənistanda Qərbə yaxın olan qüvvələr hakimiyyətə gələndən sonra bu ölkənin ənənəvi Rusiyapərəst siyasətində dəyişikliklər özünü göstərməyə başladı. Buna rəğmən, İran özünü elə apardı ki, sanki fövqəlada bir şey baş vermir. Ötən ilin payızında Avropa İttifaqı Monitorinq Missiyasını Ermənistan sərhəddinə gətirdi. Prinsipcə bu, İranın maraqlarına cavab vermədiyi üçün Tehran buna sərt reaksiya verməli idi. Ancaq biz bunu görmədik. İndi İranın narahat olmağa başlaması ABŞ-Ermənistan birgə hərbi təlimləri ilə əlaqədardır. Çünki Birləşmiş Ştatların hərbi baxımdan Ermənistanda peyda olması İranın maraqlarına kordinal şəkildə ziddir. İran ABŞ-la tarixi düşmən olduğu üçün bunu özünə ciddi təhlükə hesab edir. İran narahatdır ki, ABŞ-ın Ermənistanda hərbi baxımdan mövcudluğu sürətlə genişlənə bilər. Çünki Rusiya-Ermənistan münasibətləri getdikcə pisləşir. Ermənistan təmsil olunduğu KTMT-dən uzaqlaşma xətti götürüb. Bu gedişlə bir gün Paşinyan hakimiyyətinin KTMT-dən rəsmən çıxacağı da istisna deyil. Həmçinin, İran ABŞ-ın Ermənistanda böyük səfirlik binasının olmasını, səfirlik əməkdaşlarının bir qisminin hərbi təlimatçılardan ibarət olduğunu da bilir. Ona görə əl-ayağa düşüblər. Yoxsa iranlı general Bakıda səfərdə olarkən belə fikirlər səsləndirməzdi. Çünki Ermənistanın hərbi müstəvidə ABŞ-la əməkdaşlığı genişləndirməsi İranın həm milli, həmdə siyasi maraqlarına ziddir. Yaxşı bilirlər ki, ABŞ Ermənistandan İrana qarşı plasdarm kimi istifadə edəcək. Üstəlik, ABŞ hərbçilərinin Ermənistanda təlim keçməsi Vaşinqtonun Qafqaz gəlməsi deməkdir. Bu mənada Ermənistan artıq İranın dövlət və milli maraqlarından çıxır. Nəticədə Ermənistan İranın milli maraqlarına təhdid yaradan hallara imza atır. İran Ermənistanı özünə ən yaxın müttəfiq hesab edirdi. Belə görünür ki, getdikcə bu, tamamilə öz əhəmiyyətini itirəcək”.
Vidadi ORDAHALLI