Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini Aqil Qurbanov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin müavini iranlı qonaqları salamlayaraq dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçirilən işçi görüşünün ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib. Sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.
İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Maraqlıdır, bu komissiya, hazırda necə işləyə və hansı məsələləri müzakirə edə bilər? Ümumiyyətlə, bu ölkələrib arasında ümumi hərbi anlamda nə ola bilər?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb: “Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb. Son iki il ərzində İranla Azərbaycan arasında yaranmış diplomatik gərginlik hərbi sahədə olan Birgə Komissiyanın fəaliyyətilə bağlı da suallar doğurmaya bilmir. İranla Azərbaycan qonşu ölkələr olduğu üçün, bir sıra məsələlərdə olduğu kimi, bu mövzuda da əməkdaşlığın həyata keçirilməsi qaçılmazdır. Bu, iki ölkə ərazisindən istifadə etməklə hərbi yüklərin üçüncü ölkəyə daşınması, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsilə bağlı ola bilər. Təsadüfi deyil ki, Azərbaycan tərəfdən Birgə Komissiyanın rəhbəri kimi müdafiə nazirinin məhz satınalmalar və maddi-texniki təchizatı kurasiya efən Aqil Qurbanov iştirak edib. Bu onu deməyə əsas verir ki, ölkələrimiz arasında bu istiqamətlər üzrə əməkdaşlıq mövcuddur. Biz hazırda ümumən hərbi-siyasi müstəvidə İranla Azərbaycan arasında əməkdaşlığın dərin olmasından danışa bilmərik. İran qonşu ölkə olsa da, hərbi müstəvidə strateji tərəfdaşlıqla bağlı əməkdaşlıq formatında münasibətlər formalaşmayıb. Yaxın zamanlarda belə bir münasibətlərin formalaşması heç gözlənilmir. Hərbi təminat və texniki əməkdaşlıqla bağlı isə bir neçə istiqamət üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı razılıq əldə oluna bilər”.
Məhəmmədəli QƏRİBLİ