“Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.
Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.
“Belə davam edərsə dünya Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirəcək”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu kimi mövzularda aktiv olmaq lazımdır. Kimliyindən asılı olmayaraq hər kəs öz üzərinə düşən işi görməlidir: “Bu kampaniyanın uğurlu olmasının səbəbi hər kəsin bu məsələdə fəal olmasıdır. Hər kəs xırda bir iş görsə belə nəticə yaxşı olur. İllərdir ki, biz şəbəkələşməklə bağlı çağırış edirik. İnformasiya təbliğatının aparılması da onu göstərir ki, biz istənilən zaman xarici vətəndaş cəmiyyətlərini də səfərbər edə bilərik”.
Həmsöhbətimiz hesab edir ki, növbəti mərhələrdə də QHT-lər bu cür fəaliyyət göstərməyə davam etməlidir: “Təbliğat sakit, oturduğumuz yerdə aparılmır. Nəticə əldə etmək istəyiriksə aktiv işləmək lazımdır. Belə davam edərsə dünya Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirəcək”.
Günel CƏLİLOVA