Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
Qeyd olunub ki, bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur:
"Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneələri dayandırmalıdır".
Paşinyan öz hökumət üzvlərinə Azərbaycanın addımları ilə bağlı belə yalan məlumat verməkdə nə kimi məqsəd güdür?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, proseslərin gedişi göstərir ki, Ermənistan tərəfi sülh prosesində könüllü deyil, yalnız Azərbaycanın təzyiqi ilə addım atıb: “Son vaxtlar gedən danışıqlar prosesində xarici dairələrin Ermənistana müəyyən təsiri olub. Azərbaycan da ABŞ, Avropa İttifaqı, Rusyanın təzyiqlərindən müəyyən qədər istifadə edib. Xarici moderatorlar Ermənistana mövqeyini dəyişmək üçün yumşaq, Azərbaycan isə sərt təzyiq göstərib. İndi xarici vasitəçilərin təzyiqləri azalıb. Onlar Qarabağdakı ermənilərin təhlükəsizliyindən, hüquqlarından danışırlar. Ona görə də Paşinyan ritorikasına dəyişiklik edib və Qarabağda erməni “kartı”ndan istifadə edərək müəyyən gedişlər etməyə başlayıb.
Bu da ondan xəbər verir ki, xarici vasitəçilər ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi üzərində dayanıblar. Bu da Paşinyana daha sərbəst hərəkət etmək imkanı verir. Sülh danışıqlarındakı vəziyyət Vaşinqtonda və Brüsseldə əldə olunmuş razılaşmalardan əvvəlki gərgin mərhələyə qayıdır. Ermənistan xarici təzyiqlərin dayanmasından istifadə edərək əvvəlki mövqelərinə qayıtmağa cəhd göstərir. Tamamilə mümkün olmasa da, tədricən buna nail olmaq istəyir. Bu səbəbdən də, həm öz komanda üzvlərinə, həm də dünya ictimaiyyətinə yalan məlumatlar verir.
Paşinyan Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verilməsini istəyir. Bu, dolayı yolla status deməkdir. Yəni Azərbaycanda yaşayan ermənilərlə bağlı xüsusi razılaşma olmalıdır. Rəsmi qaydada status terminini dilə gətirmirlər, muxtariyyətdən danışmırlar, amma ermənilərə xüsusi imtiyaz verilməsini istəyirlər. Azərbaycan bütün bunları rədd edir. Bu səbəbdən də, Azərbaycanı “ipə-sapa yatmayan” ölkə kimi təqdim edib, dünyanın gözündən salmaq istəyirlər. Əksinə, bölgədə hərbi gərginliyin yaranmasında məhz Ermənistan maraqlıdır və bu istiqamətdə real addımlar atır. Bu baxımdan da, Paşinyanın açıqlamaları boş cəfəngiyatdan başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ