Ermənistandan Rusiyaya növbəti zərbə. Sentyabrın 1-də Belarusda KTMT təlimlərindən imtina edən Ermənistan ABŞ-la birlikdə təlim keçəcək. Ermənistanın “Zar” təlim mərkəzində “ARTSIV PARTNERS-2023” təlimləri keçiriləcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. ABŞ-Ermənistan təlimləri sentyabrın 11-20-də baş tutacaq. Qurum bildirir ki, ABŞ və Ermənistan hərbçiləri sülhyaratma tapşırıqları vaxtı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üçün əməliyyatlar hazırlayırlar: “Məqsədlərin təlimi – bölmələrin əməliyyat uyğunluğu səviyyəsini artırmaq, idarəetmə və taktiki əlaqələr sahələrində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır”.
Nazirlik onu da qeyd edir ki, təlimlərdə erməni hərbi bölmələrinin NATO-nun operativ potensialının konsepsiyası çərçivəsində əməliyyatlara hazırlığını qarşıya məqsəd qoyub.
“Ermənistanın bu addımı daha çox Rusiyanı aşağılamaq, KTMT-ni hörmətdən salmaq məqsədi daşıyır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu, Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik sərt demarşdır: “Əvvəla, zaman-zaman Paşinyan KTMT-ni tənqid edib. Tənqidin əsas mahiyyəti o olub ki, 44 günlük müharibədə KTMT Ermənistana gərəkən dəstəyi verməyib. Halbuki, bunun KTMT-yə hansısa aidiyyəti yox idi. Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Ordumuz Ermənistan ərazisinə hücum etmirdi. Təxribat törədən tərəf Ermənistan idi. Paşinyan isə bundan bəhanə kimi istifadə edərək KTMT-yə qarşı sərt fikirlərlə çıxış edir. Ermənistan bütün bunlardan çıxış edərək ötən ilin noyabrında İrəvanda keçirilən KTM T toplantısında yekun sənədi imzalamadı. Bu ilin yanvarında təşkilatın Ermənistanda təlim keçməsinə icazə vermədi. Belarusda keçirilən təlimlərə qoşulmadı. Ancaq bunun əksinə olaraq ABŞ-la birgə təlimlərə qərar verdi. Bu, faktiki olaraq Ermənistan hakimiyyətinin Rusiyaya əzələ göstərməsi deməkdir. Hamımız bilirik ki, KTMT-ni yaradan Rusiyadır və bu təşkilat Moskvanın maraqlarının qorunmasına xidmət edir. Ermənistan hakimiyyəti ABŞ-la birgə təlim keçirməklə birnöv Rusiyaya tüpürür. Təsəvvür edək ki, hərhansı NATO üzvü olan dövlət Rusiya ilə birgə hərbi təlimlər keçirir. Buna necə yanaşarlar? Əlbəttə ki, bu, NATO-nun etirazına səbəb olacaq və həmin dövlətdən izahat tələb olunacaq. Ona görə də Ermənistanın bu addımı daha çox Rusiyanı aşağılamaq, KTMT-ni hörmətdən salmaq məqsədi daşıyır. Onsuz da müxtəlif səbəblərdən bu qurumun dünyada eləbir xüsusi çəkisi, cəlbediciliyi yoxdur. Ermənistanın bu addımı isə rəsmən o deməkdir ki, KTMT mənasız bir hərbi təşkilatdır və eləbir önəmi yoxdur. Baxaq görək Rusiyanın buna münasibəti necə olacaq”.
Vidadi ORDAHALLI