Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı bildirib.
Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bəyan edib.
Ölkə başçısının bu mövqeyi ilə bağlı ekspertlər nə düşünür?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bliknkenlə telefon danışığı zamanı söylədiyi bu fikirlərin əsas məğzi var: “İlham Əliyev qeyd edir ki, bu günə qədər Azərbaycan bütün imkanlarını səfərbər edərək sülh danışıqları prosesini sürətləndirməyə çalışıb. Bu gün də bununla bağlı addımlar atır. Amma, Azərbaycandan fərqli olaraq, Ermənistan bu və ya digər formada üzdə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirməyinə baxmayaraq, atdığı addımlar birbaşa təxribata yönəlikdir. Məqsəd də ondan ibarətdir ki, danışıqlar prosesini pozsun və bölgədə gərginlik yaratsın. Əslində Azərbaycan prezidentinin söyləmək istədiyi budur. Azərbaycan bütün imkanlarını istifadə edib, hətta dəfələrlə humanitar yük də göndərib. Ancaq, indiyə kimi Ermənistanın dəstək verdiyi qüvvələr bu prosesləri pozmağa çalışır. Bu gün də istər Fransadan göndərilən şou xarakterli humanitar yardımları, istər Ermənistanın öz göndərdikləri, bunlar hamısı əslində danışıqları pozmaq üçündür. Yəni, birbaşa bildirir, sizin etməli olduğunuz birinci məsələ ondan ibarətdir ki, bu bölgədə həqiqətən sülh istəyirsizsə, Ermənistanı məcbur edin ki, sülhə gəlsin. Ortaya nəticə qoymaq lazımdır. Yoxsa, təxribatlar bu cür də davam edəcək”.
Son dövrlər erməni lobbisinin ABŞ-da fəaliyyətinin uğursuzluğa düçar olduğu müşahidə olunur. Erməni lobbisinin Azərbaycana qarşı İrəvanı dəstəkləmək üçün rəsmi Vaşinqtona təzyiqlərinə baxmayaraq, Birləşmiş Ştatların siyasi elitası sırf strateji və siyasi səbəblərdən buna məhəl qoymur. Daha dəqiq desək, bir neçə aydır Amerikanın Erməni Milli Komitəsinin Amerika siyasətçilərinə müraciətləri qulaqardına vurulub.
ABŞ-ın son illər Ermənistana dəstəyini azaltması və diasporun təkidlərini qulaqardına vurmasının müəyyən səbəbləri var. Bunlardan birincisi, Ermənistanın müttəfiqləridir. Ermənistanın ən böyük müttəfiqləri Rusiya və İrandır. Eyni zamanda Ermənistan Rusiyanın əlində hərbi alətə çevrilən KTMT-nin üzvüdür. Gözləntilərin əksinə olaraq Ermənistan Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamaq əvəzinə, Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu isə Rusiyaya təzim və ona sanksiyalardan yan keçməyə yardım kimi başa düşülür. Təbii ki, bütün bu proseslər ABŞ-ın və Qərbin nəzərindən yayınmır.
Məhəmmədəli QƏRİBLİ