ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib ki, Vaşinqton Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəkləyir.
A.Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Artıq Etmənistanın iştirakı olmadan Qarabağ ermənilərinin rəsmi Bakı ilə təmaslarını ABŞ-da dəstəkləyir. Əvvəllər ABŞ belə prinsipial məsələlərlə bağlı neytral bəyanatlar verirdisə, hazırda daha konkret mövqe ifadə edir. Bu yanaşmanın bizə faydası varmı?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ rəsmilərinin, konkret olaraq dövlət katibi Blinkenin səsləndirdiyi son bəyanat Azrbaycanın ərazi bütövlüyü və suverenliyinə növbəti hörmətin və dəstəyin təzahürüdür: “A.Blinken bugünlərdə Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı bəyan edib ki, sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək, Bakı ilə Xankəndi arasında birbaşa təmaslar dəstəklənəcək. Bu bəyanat əslində Azərbaycanın haqqlı və qətiyyətli mövqeyinə tam uyğundur. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və burada yaşayan entik ermənilər də bizim vətəndaşlarımızdır. Ermənistanın ölkəmizin daxili işlərinə qarışmağa heç bir hüququ yoxdur. Xankəndidə və ətraf ərazilərdə məskunlaşan ermənilərin təhlükəsizliyi, hüquq və azadlıqları ölkəmizin qanunları ilə qorunur. Yəni, Ermənistan bu və digər məsələlərə nüfuz edə bilməz. Azərbaycan tərəfi dəfələrlə Xankəndi ilə birbaşa təmaslar qurmağa çalışıb, amma ortada heç bir nəticə yoxdur. Qarabağda fəaliyyət göstərən separatçı rejim sadə və dinc ermənilərin Bakı ilə tamaslarına ciddi cəhdlə mane olub. ABŞ və Avropa dairələri də əslində bölgədəki reallıqları yaxşı başa düşür və bəyanatlarında Bakı ilə Xankəndi arasında heç bir üçüncü qüvvənin müdaxiləsi olamadan əlaqələr qurulmasını dəstəkləyir. Bütün bunlar deməyə əsas verir ki, dünya ictimaiyyəti, beynəlxalq dairələr Azərbaycvanın haqqlı mövqeyini yaxşı anlayır və qəbul edir. Amma təəssüf ki, Ermənistan və ona havadarlıq edən bəzi ölkələr prosesə ciddi zərvbələr vurur və bölgəmizdə vəziyəti gərginləşdirməyə çalışır”.
Məhəmmədəli QƏRİBLİ