Rusiyanın Ermənistanın NATO-ya üzüvlüyü məsələsinə reaksiyası gecikmədi. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı Alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb: “Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”.
Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər: “Bu bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Əminəm ki, bu konstanta bizim ikitərəfli münasibətlərimizdə gələcək illərboyu müəyyənedici olacaq”.
Ermənistan sərhəddə Avropa İttifaqının monitorinq missiyasını gətirir, KTMT-ni yaxın buraxmır, KTMT-dəki daimi nümayəndəsini geri çağırıb. ABŞ-ın ən böyük səfirliyi İrəvandadır. Belə olan halda Rusiyada bu əminlik haradandır ki, Ermənistan NATO-ya doğru getməyəcək?
“Orada rusların hərbi bazaları olsa da, sosial dayaqları çox zəifdir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, Rusiya rəsmiləri məsələyə dar çərçivədə yanaşır: “Əvvəla, Aleksandr Qruşkonun bəyanatı Rusiyanın rəsmi mövqeyini ifadə edir. Bununla o, həm də bir imperiya mövqeyi ortaya qoyur. Məsələ ondadır ki, Rusiya tərəfi Paşinyan hakimiyyətinin yeritdiyi siyasəti Ermənistanın mövqeyi hesab etmir. Nə qədər ritorik görünsə də, bu, belədir. Halbuki, Paşinyanı erməni xalqı dəstəkləyir. Bunun nəticəsidir ki, Ermənistan 44 günlük müharibədə məğlub olsa da növbəti parlament seçkilərində Paşinyan yekdilliklə qalib gəldi. Ancaq nə yazıq ki, Rusiya hakimiyyəti bütün bunları nəzərə almır. Paşinyana qarşı da bütün hücumlar buradan qaynaqlanır. Onlar hesab edirlər ki, Ermənistan Rusiyanındır, sadəcə Paşinyan hökuməti buna qarşıdır. Ona görə də davamlı olaraq Paşinyanı devirməyə çalışırlar, siyasi təzyiqləri artırırlar. Moskvaya bağlı revanşist müxalifəti hərəkətə gətirirlər. Bütün bunlarda məqsəd odur ki, Ermənistan yenidən Rusiyanın orbitinə qayıtsın. Bu da onunla bağlıdır ki, Rusiya da öz iradəsini diqtə edir. Bəyan edir ki, Paşinyan nə etsə də biz Ermənistanı əldən verməyəcəyik, NATO-ya buraxmayacağıq. Ancaq bütün bunlar Rusiya üçün yetərlidirmi? Hesab edirəm ki, yox. Ona görə ki, son vaxtlar Paşinyan və onun komandası daha cəsarətlə Rusiyanın üzərinə gedir. Kremlin platformalarını baykot edir. Qərb təsisatlarına doğru, o cümlədən NATO istiqamətində manevrlər edir. Paşinyan açıq mətnlə deyir ki, Ermənistanın təhlükəsizliyinin təkcə Rusiyadan asılı olması strateji səhv olub. Həmçinin qeyd edib ki, rəsmi Moskva təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir. Bütün bunlardan sonra Rusiya rəsmilərinin bu dərəcədə arxayın danışmaları anlaşılan deyil. Paşinyan Ukraynada gedən prosesləri izləyir və bir sıra hallarda ona uyğun olaraq siyasətini qurur. O görür ki, Rusiyanın Ukrayna bataqlığından çıxması hələ yaxın perspektivdə mümkün olmayacaq. Ona görə də yaranan vəziyyətdən maksimum istifadə etməyə çalışır. Üstəlik, Ermənistanda bir sıra media resursları, Qərbpərəst siyasi qüvvələr də ictimai rəyi Rusiyaya qarşı davamlı olaraq kökləyirlər. O üzdən, Ermənistanda Rusiyanın hərbi bazaları olsa da, sosial dayaqları çox zəifdir. Bu, isə o deməkdir ki, Ermənistan Rusiyanın orbitindən çıxa bilər”.
Vidadi ORDAHALLI