Qarabağdakı separatçı xunta indi də özlərinə yeni "başçı" seçmək üçün səfərbər olublar. Araik Aratunyanı yola salan, son günlər daha çox bir-birini didib dağıdan separatçı rejim rəhbərləri indi də növbəti oyuncaq "seçki" şousuna hazırlaşırlar.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu məsələ barədə bir çox maraqlı məqamlara toxunub.
Politoloq öz paylaşımında qeyd edir ki, qondarma Xankəndi rejimində keçmişlərdən yaxşı xatırladığımız uşaqların "evcik-evcik oyununa" bənzər yeni "prezident" seçkisi oyunu başlayıb. A.Quliyev daha sonra yazır: "Əslində Azərbaycan üçün keçmiş və ya növbəti "prezidentin" kim olacağının heç bir fərqi yoxdur. Çünki Azərbaycan bu xuntanın təmsilçisi ilə heç bir təmasa getməyəcəyini prinsipial şəkildə ortaya qoyub. Sadəcə xuntanın yeni başçısının kimliyi və hansı ideologiyanı təmsil etməsi erməni icmasının təmsilçilərinin Bakı ilə gələcək təmaslarına necə təsir edə biləcəyinə görə maraqlıdır... Bu halda düz yola gələcəklərsə, pozitiv gələcəyə baxmaq olar. Yox, əgər əvvəlkilər kimi "odiozluq" etsələr, Molla Nəsrəddinin "yerdən mıxı çıxaran danasından" uzağa gedə bilməyəcəklər, ondan da pis günə qalacaqlar... Verilən məlumatlara görə, Xankəndi xuntasının yeni "prezidenti" postuna Samvel Şahramanyanın namizədliyinin irəli sürülməsi bu cəhətdən diqqətimi cəlb etdi. Əvvəlcə Şahramanyanın kimliyi barədə bəzi faktlara baxaq. Hazırda keçmiş qondarma dövlət naziri postunda "məşhur" Vardanyanı əvəz edir. Buna qədər Qarabağda sırf təhlükəsizlik məsələləri ilə məşqul olub. Polisi, kəşfiyyatı kurasiya(?) edib. Sosial şəbəkə məlumatları və rəylər onun xuntada əsasən Rusiyanın adamı olduğunu deməyə əsaslar verir. Hazırda Rusiyanın xunta "hakimiyyəti" üzərində Paşinyanın təsirlərini azaltmağa çalışması bir həqiqətdir və bu mənada istefa oyununu yenicə oynamış Arayik Arutunyanın yerinə onun namizədliyinin əsas kimi nəzərdən keçirilməsi təsadüf kimi görünmür. Başqa namizədlərin də ortaya çıxacağını gözləmək olar.
Lakin Şahramanyanın xunta başına keçəcəyi halda Moskvaya və onun İrəvandakı "namestniklərinə" daha çox qulaq asacağı ən real ehtimallardan biridir. Məlumatlardan çıxan başqa bir nəticə isə budur ki, xunta Şahramanyanın idarəçiliyində bundan sonra rəsmi Bakı ilə təmaslara daha aqressiv yanaşacaq. Çalışacaq ki, Qarabağın erməni sakinlərinin hüquqları ilə bağlı məsələni daha da aktuallaşdırsın. Bununla da sülh sazişi gündəliyi mümkün qədər arxa plana keçirilsin və gecikdirilsin..."
MƏTLƏB