Rusiya Ermənistanla konstruktiv münasibətlərə dəyər verir, amma baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu haqqında tezisləri ilə razılaşmaq olmaz.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Rusiya bu regionun tamamilə ayrılmaz tərkib hissəsidir, buna görə o, heç yerə gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz”.
Peskov “Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşadığını" unutmamağa çağırıb.
Peskov həmçinin qeyd edib ki, Rusiya Qarabağda təhlükəsizliyin zamini rolunu oynamağa davam edir və öz missiyasını dayandırmaq niyyətində deyil: “Rusiya bu regionda vəziyyətin sabitləşməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox vacib rol oynayır. Rusiya heç yerə getmir və getmək niyyətində deyil”.
Xüsusilə Peskovun “Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşayır” fikiri diqqəti cəlb edir. Maraqlıdır, təhdid xarakterli bu açıqlama ilə Peskov nəyə eyham vurur?
“Rusiya orada yaşayan erməni miqrantların müəyyən hissəsini deportasiya edə, onlara dözülməz şərait yarada bilər”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşünas Qalamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazı tərk etmək fikiri yoxdur: “Ona görə də bölgədə hərbi iştirakını saxlayır və siyasi təzyiq göstərməyə çalışır. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistanla Rusiya arasında münasibətlər gərginləşir. O mənada gərginləşir ki, Ermənistan Ukrayna müharibəsi timsalında Rusiyanın çökdüyünü görür. Belə bir situasiyada Qərbdə yeni ağalar axtarır. Xüsusən də Fransa bu işdə xüsusi canfəşanlıq göstərir. Rusiya da bütün bunların fərqindədir və kəskin reaksiya verir. Bununla öz maraqlarını kiməsə güzəştə getməyəcəyini bəyan edir. Xüsusən də Cənubi Qafqazda maraqlarını Ermənistan vasitəsi ilə təmin etməyə çalışır. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var, bu ölkəni sərhədlərini qoruyur. O ki qaldı Rusiyada yaşayan ermənilərin Ermənistandakından çox olmasına, bu, növbəti təzyiq və təhdiddir. Rusiya fərqindədir ki, orada yaşayan erməniləri kütləvi şəkildə deportasiya etmək mümkün olmayacaq. Çünki orada yaşayan ermənilərin çoxu Rusiya vətəndaşıdır. Üstəlik, Rusiya siyasətinə bu və ya digər dərəcədə təsir edirlər. Ancaq Rusiya orada yaşayan erməni miqrantların müəyyən hissəsini deportasiya edə, onlara dözülməz şərait yarada bilər. Nəticədə onların Ermənistana qayıtması sosial vəziyyəti gərginləşdirə bilər. Bu da öz növbəsində Paşinyan hakimiyyəti üçün problemlər yaradacaq. Peskov demək istəyir ki, Rusiyada yaşayan ermənilər vasitəsi ilə Ermənistan hakimiyyətinə təzyiq göstərə bilərlər. Bir sözlə, bunu Paşinyan hökumətinə ünvanlanmış təhdid hesab etmək olar”.
Vidadi ORDAHALLI