Məlum olduğu kimi, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ümuiyyətlə, sentyabrın 1-dən bəri Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvanda - Culfa, Şahbuz və Ordubad rayonları ilə də sərhədlərdə intensiv təxribatlara başlayıb. Qeyd edək ki, indiyə kimi əsasən başqa sərhəd bölgələrdə təxribatlar edirdilər. Ancaq son günlər bu hal daha çox Naxçıvan ərazisində müşahidə olunur.
Maraqlıdır, ermənilərin Naxçıvan istiqamətində təxribat törətməsi nə ilə bağlıdır?
“Ermənistan bunu bilərəkdən edir ki, Azərbaycan Ordusu tam gücünü Qarabağa verməsin, yaxud Qarabağa ayırmağa vaxtı olmasın”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın məlum hərəkəti Birinci Qarabağ müharibəsini xatırladır. O zamanda bu cür yanaşma baş verirdi: “Ermənistan bir tərəfdən Şərqi Zəngəzura hücum edirdisə, digər tərəfdən də Naxçıvanı intensiv atəş altında saxlayırdı. Onlar o vaxtlar belə Naxçıvanı işğal etmək istəyirdilər. Ulu öndər Heydər Əliyev ermənilərin bu planını anladı və vaxtında hərəkətə keçdi. Heydər Əliyevin səyi nəticəsində Naxçıvana hücumlar dayandı. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Qarabağla yanaşı, Naxçıvanı da işğal etmək istəyirdi. İndi baş verənlərdə o qəbildəndir. Ermənistanın bu hərəkətləri onların son çırpıntalarının göstəricisidir. Nəzərə almaq lazımdır ki, ölkəmiz Birinci Qarabağ müharibəsindəki Azərbaycan deyil. Ordumuz inkişaf edib, ölkəmiz hər baxımdan qüdrətini artırıb. Xatırladım ki, Birinci Qarabağ müharibəsi zamanı hərc-mərclik, ordu ilə bağlı problemlər var idi. Həmçinin, vahid komanda yox idi, hərə bir dəstə yığırdı. O zamanlar Vətən üçün can verən fəadilərimiz ön cəbhədə vuruşurdu, ancaq dövlətin normal şəkildə idarə edilməməsi böyük itkilərə səbəb oldu. İndi isə tamam başqa vəziyyətdir. Azərbaycanın nizamlı ordusu, müzəffər Ali Baş komandanı var, dünyanın hesablaşdığı bir dövləti var. Ermənilərin 30 il əvvəlki eyni düşüncə hərəkət etməsi bir daha ondan xəbər verir ki, o dövləti idarə edənlər hələ də ağıllanmayıblar. Ermənilər Naxçıvana da atəş açmaqla bizim başımızı bir neçə istiqamətdə qatmaqda istəyir.
Onu da deyim ki, son günlər atışmalar daha çox şərti sərhəd və Naxçıvan istiqamətində pozulur. Ermənistan bunu bilərəkdən edir ki, Azərbaycan Ordusu tam gücünü Qarabağa verməsin, yaxud Qarabağa ayırmağa vaxtı olmasın. Ermənistan ona arxayındır ki, Azərbaycan Ermənistan ərazisinə daxil olsa, buna dünya səssiz qalmayacaq. Ona görə də sərhəd istiqaməti ön plana çıxarılır”.
Günel CƏLİLOVA