“Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gündəlik brifinq zamanı deyib.
Zaxarova Rusiyanın məsələni siyasiləşdirməyin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir: “Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Rusiya məsələnin siyasiləşdirilməsinin əleyhinədir. Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”.
Maraqlıdır, niyə məhz indi Rusiya Ağdam yolunun açılmasının tərəfdarı olduğunu bəyan edir? Olmazdımı Rusiya bunu daha əvvəl bəyan edəydi?
“Bu, ilk növbədə onunla bağlıdır ki, son vaxtlar Ermənistanla Rusiya arasında münasibətlər həddən artıq kəskinləşib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Rusiyanın məhz indi Ağdam yolunun açılmasına dəstək verməsini bir sıra amillərlə əlaqələndirdi: “Bu, ilk növbədə onunla bağlıdır ki, son vaxtlar Ermənistanla Rusiya arasında münasibətlər həddən artıq kəskinləşib. İki ölkə rəsmiləri arasında qarşılıqlı ittihamlar artır. Düzdür, əvvəllər də tərəflər arasında münasibətlərdə gərginliklər olub, amma bu dərəcədə qarşılıqlı ittihamlar səviyyəsində olmayıb. Açıq görünür ki, tərəflər ittihamların dozasını artırıblar. Məsələnin ikinci tərəfi onunla bağlıdır ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Çünki Azərbaycanın öz suveren ərazisində yaratdığı reallıqlar məcbur edir ki, istər Rusiya, istərsədə başqa qüvvələr öz çıxışlarını korrekt etsinlər. Yanaşmalarına müəyyən qədər düzəlişlər etsinlər. Çünki söhbət Azərbaycanın suveren ərazisindən gedir. Laçın da suveren ərazimizdir, Qarabağda. Yolun haradan keçəcəyinə, yüklərin haradan daşınmasına Azərbaycan qərar verməlidir. Rusiyanın Ağdam yolu ilə bağlı mövqeyinə aydın məsələdir ki, ermənilər öz narazılığını bildirəcək və tərəflər arasında söz atışması davam edəcək. Faktiki olaraq baş nazir Nikol Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın bölgədən çıxıb gedəcəyi ilə bağlı fikir səsləndirdi. Zaxarova da buna aşağılayıcı və təhqiramiz formada cavab verdi. Ermənilər də bundan qıcıqlandılar. Görünən odur ki, Rusiya hakimiyyəti, oradakı müəyyən dairələr Ermənistanın addımlarına münasibətdə çox əsəbidilər. Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ağdam-Xankəndi yolunun açılması ilə bağlı sərgilədiyi mövqeyə ermənilər əsəbi reaksiya verirlər. Rusiyanın da bunu dəstəkləməsi onu göstərir ki, Ağdam-Xankəndi yolu fəaliyyətə başlayacaq. Nəticə etibari ilə Azərbaycan məlum şərtlər daxilində məsələləri həll edəcək. Həm Rusiya, həm də Qərb platforması Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, söykənən mövqeyini dəstəkləmək məcburiyyətində qalacaqlar”.
Vidadi ORDAHALLI