Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən, məhz Rusiyadan asılı olması "strateji səhv" olub.
O, bu barədə İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bəyan edib.
Baş nazir müsahibəsində Rusiyanın keçmiş Dağlıq Qarabağda "sülhməramlı" kontingentini tənqid edərək deyib ki, o öz vəzifəsini icra etmir.
Onun sözlərinə görə, bu gün güman etmək olar ki, Rusiya özü Cənubi Qafqazdan gedir:
"Mahiyyətcə, Rusiya bizim regionda, Cənubi Qafqazda artıq kifayət qədər çoxdan mövcuddur. Lakin biz bir gün, bir ay və ya bir ildə Rusiyanın Cənubi Qafqazdan sadəcə getməsi və tərk etməsi vəziyyətlərini görmüşük...
Elə proseslər var ki, onlar, əlbəttə ki, həmin ssenarinin təkrarlanacağını düşünməyə sövq edir. Və günlərin bir günü yuxudan ayılıb görəcəyik ki, Rusiya burada yoxdur".
Paşinyan Rusiyanın regionu tərk edəcəyi ilə bağlı fikirləri söyləyəndə nəyi nəzərdə tutur?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan əslində Qarabağ məsələsində, Azərbaycan - Ermənistan münasibətlərində, Laçın yolu mövzusunda Rusiyanın Ermənistanın yanında olmamasından bu şəkildə gileylənir: “Ermənilər hər zaman öyrəşiblər ki, ruslar onların yanında olsun, onların hesabına da son istəklərinə nail olsunlar. Ruslar bu torpaqlara gələndən etibarən ermənilər də burada yerləşdi və ölkələrini qurdular. İndiki vəziyyətdə isə Rusiya bunu etmir. Paşinyanın təbirincə bu, Rusiyanın zəifliyi və Qafqazdan getməsidir. Ola bilsin ki, Rusiya-Ukrayna müharibəsini də nəzərdə tutur. Rusiya orda da istədiyi nəticəni əldə edə bilmədi. Həm də Paşinyan Qərbyönümlü siyasətçi kimi tanınır və Fransada, Amerikada erməni diasporunun dəstəyi ilə belə fikirləşir ki, Rusiya Qafqazdan gedir. Mən düşünürəm ki, tələsik mövqe sərgiləyir. Həmçinin, 1992 - ci ildən Azərbaycandan rus qosunlarının çıxarılması, Saakaşvili dövründə Gürcüstandan Rusiya qoşunlarının çıxarılması Azərbaycan mediasında elə bir ab-hava yaratmışdı ki, Rusiya Qafqazdan gedir. Rusiya da eyni zamanda cavab olaraq regiona qayıdırdı, əvvəlki olmasa da yenə də güclənirdi. İstənilən halda Rusiyanın Qafqazdan birdəfəlik getməsi bizim də, Ermənistanın da maraqlarına cavab verir. Paşinyanın çıxışları da bizim düşüncələrimizə uyğundur. İrəvan-Moskva münasibətləri gərginləşəcəksə, bu, Bakı və Ankara üçün sərfəlidir. Sadəcə olaraq, bu sərfəli vəziyyətdən nəticə çıxarmağı bacarmalıyıq. İndiki məqamda bir nəticə var. O da çox yaxın zamanda, bu ilin sonunda Xankəndi və ətrafını nəzarətə götürmək lazımdır. Gecikmədən biz bunu etməliyik”.
Dəfələrlə qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəm olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə təəccübləndirməkdə və heyrətləndirməkdə davam edir. Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsinin ardınca separatçı rejimin qondarma “müstəqillik günü” ilə bağlı məlum müraciətini yayması onun sələflərinin yolu ilə getdiyini, onlardan heç də fərqli düşüncə sahibi olmadığını üzə çıxarmış olub.
Baş nazir iddia edib ki, Rusiya Laçın yoluna nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada Qərbpərəst imicindən də bəhs edib. Rusiyanı şantaj edən baş nazir “forpost ölkə” imicinə görə hər hansı bir üstünlük əldə edə bilmədiklərini deyib.
Məhəmmədəli QƏRİBLİ