Məlum olduğu kimi, 2021-ci ildə Avropa İttifaqı Ermənistana 2,6, Azərrbaycana isə 2 milyard avroluq yardım paketini açıqlayıb. İlk dövrdə Ermənistana 2,6 milyard avro təklif edən Avroittifaq Azərbaycana 150 milyon avro təklif etdi. Prezident İlham Əliyevin tənqidlərindən sonra qurum məsələyə yenidən baxdı və elan edilən paketin həcmini artırdı.
Düzdür, bu yardım paketi hələ həyata keçirilmir və bunun konkret hansı formada, hansı şərtlər daxilində həyata keçiriləcəyi açıqlanmayıb. Ancaq bu məsələdə Avroittifaqın tərəfkeş mövqedən çıxış etməsi ilə bağlı bir məqam ortaya çıxıb. Məlum olub ki, Avropa İttifaqı müharibədən sonra Ermənistana qrant formasında müxtəlif layihələrin maliyyələşdiriilməsi ilə bağlı təxminən 200 milyon avro ayırıb. Azərbaycana gəldikdə isə heç bir vəsait ayrılmayıb. Qəribədir, Rusiyaya silah ötürən Ermənistan qrant yardımı alır, Avropanın enerji təchizatına töhfə verən Azərbaycan isə yox.
“Ermənistana maliyyə yardımlarının göstərilməsi bu ölkədə revanşizm meyllərinin güclənməsinə stimul verir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Aydın Hüseynovun fikrincə, Avroittifaqın bu siyasəti ikili standartlara söykənir və qəbuledilməzdir: “Əvvəla, 30 ildir Azərbaycana bu münasibət ikili standartlardan qaynaqlanır. Ermənistan işğal dövründə bütün yaşayış məntəqələrimizi məhv etdi. Daşı-daş üstünə qoymadı. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra öz imkanları hesabına bərpa-quruculuq işlərini aparır. Nə Avroittifaq, nə də digər təşkilatlar bu işdə ölkəmizə kömək etmirlər. Halbuki, dağıdılan yaşayış məntəqələrinin miqyası çox böyükdür. Ancaq biz görürük ki, işğalçı, terrorçu Ermənistana hər cür yardım etməyə hazırdılar. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verir. Avropaya ixrac olunan Azərbaycan qazının həcmi getdikcə artır. Azərbaycan həm də Avropanı Asiya ilə birləşdirən nəqliyyat xətlərinin inkişafına praktiki töhfə verir. Özü də bu layihələri öz vəsaiti hesabına həyata keçirir. Çox təəssüflər olsun ki, bütün bunları Avropa İttifaqı yetərincə qiymətləndirmir. Ancaq biz görürük ki, Ermənistan Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyalardan yayınır. Nəinki qadağan olunmuş bir sıra avadanlıqların, o cümlədən silahların ötürülməsində fəal iştirak edir. Ancaq Qərb, o cümlədən də Avroittifaq bütün bunları görməzdən gəlir. Nəinki görməzdən gəlir, üstəlik Ermənistana maliyyə yardımı edirlər. Ermənistan işğal dövründə ərazilərimizi başdan-başa minalarla çirkləndirib. Ancaq Avropa İttifaqı minaların təmizlənməsi işində Azərbaycana gərəkən dəstəyi göstərmir. Halbuki, bu çox vəsait tələb edən işdir. Azərbaycan minaların təmizlənməsini öz imkanları hesabına həyata keçirir. Ermənistana maliyyə yardımlarının göstərilməsi bu ölkədə revanşizm meyllərinin güclənməsinə stimul verir. Ermənilər görəndə ki, böyük qurumlar işğala görə Ermənistanı cəzalandırmaq istəmir, daha da azğınlaşırlar. O üzdən, Avroittifaq ikili standartlara son qoymalıdır”.
Vidadi ORDAHALLI