İşğal dövründə Qarabağda aparılan qanunsuz arxeoloji qazıntıların əksəriyyəti, eləcə də Azərbaycan xalçalarının, muzeylərimizdəki qiymətli eksponatların xaricə daşınması kimi cinayətlər əsasən ABŞ-da fəaliyyət göstərən “Tufenkyan” fondu tərəfindən həyata keçirilib.
Bu fond Şahbulaqdan da aparılan qanunsuz qazıntıya pul ayırırmış. Ermənilər özləri yazır ki, bu fondun "dəstəyi" ilə Qarabağda bir çox "proqramlar" həyata keçirilib. Qarabağdan oğurlanıb daşınan və Tufenkyan (Tüfenkyan) kolleksiyasında saxlanılan xalçaların bir hissəsi hazırda İrəvan Dövlət Muzeyində sərgilənir. Utanmadan Qarabağdan oğurlayıb, talan edib apardıqları xalçaları "qədim erməni xalçaları" adı ilə İrəvanda təqdim edirlər.
Bu fonda qarşı beynəlxalq hüquq müstəvisində hansı addımlar atıla bilər? Bu fondla bağlı beynəlxalq məhkəmə müstəvisində bir iş görmək olarmı?
“...Bu fonda qarşı Azərbaycana vurulmuş ziyanla, eyni zamanda Azərbaycanın maddi-mədəni irsinin saxtalaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməlidir”
AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Məlum olduğu kimi, 1999-cu ildə yaradılmış “Tufenkyan” fondu yalnız uzun illər ərzində Qarabağdakı maddi-mədəni irsin istismar edilməsi, onların “erməni mədəniyyəti”nin, “erməni irsi”nin bir hissəsi kimi təqdim etməsi fəaliyyətləri ilə məşğul olmayıb, eyni zamanda bu gün Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan ərazilərində azərbaycanlı əhali tərəfindən yaradılmış maddi-mədəniyyət nümunələrini qanunsuz olaraq saxtalaşdırmaqla “erməni mədəniyyət” nümunələri kimi dünyaya təqdim etməyə çalışıb. Bu iş, xüsusən Azərbaycan xalçaları ilə bağlı həyata keçirilib. Azərbaycanlıların maddi-mədəni irsinin bir hissəsi olan xalçalarımız, ornamentlərimiz ermənilər tərəfindən “Tufəngyan (Tufenkyan) fondunun da aktiv dəstəyi və fəaliyyətləri ilə “erməni mədəni irsinin” bir hissəsi təbliğ edilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə bu fond həmin ərazilərdə çoxlu sayda qanunsuz fəaliyyətlər həyata keçirib. Fondun “gördüyü işlərə” müxtəlif ölkələrdən, o cümlədən də Yaxın Şərq ölkələrindən gətirilən miqrantların bizim torpaqlarda qanunsuz məskunlaşdırılmasından tutmuş ayrı-ayrı abidələrin “bərpası” və yaxud “tədqiqi” adı altında dağıdılmasına qədər bir çox “fəaliyyətlər” daxildir. Ayrı-ayrı dövrlərdə Azərbaycanın Qarabağ regionunda apardığı fəaliyyətlərlə bağlı açıqladığı məlumatlar aydın şəkildə göstərir ki, bu fond Qarabağda qanundankənar məskunlaşdırmanın həyata keçirilməsi prosesində də iştirak edib, müxtəlif ölkələrdən gətirilmiş qanunsuz miqrantlar üçün mənzillər, evlər inşa edib” - deyə bildirdi. E.Kəlbizadənin qeyd etdiyinə görə, Azərbaycanın vaxtilə işğal altında saxlanılan ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı zaman-zaman Azərbaycan Respublikasının rəsmi dövlət qurumları onlarla bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi barədə mətbuata məlumatlar verib. “İndiki şəraitdə “Tufenkyan” fondunun, yaxud hansısa şirkətin, fondun həyata keçirdiyi qanunsuz fəaliyyətlərlə bağlı Azərbaycanın ata biləcəyi addımlar həmin fondun (fondların) fəaliyyət göstərdiyi ölkələrin hüquq sistemi çərçivəsində onların məhkəmələrində iddiaların qaldırılmasıdır. Məlum olduğu kimi, “Tufenkyan” fondu ABŞ-da təsis olunub. Əslində, onun yardadıcısı XIX əsrdə ABŞ-a köçmüş bir erməni nəslinin nümayəndəsidir. O özünün biznes və “sosial fəaliyyətlərini” həmin ölkədə başlayıb. Fondun fəaliyyəti ilə bağlı hüquqi proseslər də, o cümlədən məhkəmə fəaliyyətləri də ilk növbədə bu ölkənin hüquq sistemi çərçivəsində başladılmalıdır. Bu addımların atılmasından sonra konkret faktlar təqdim edilməklə bu fonda qarşı Azərbaycana vurulmuş ziyanla, eyni zamanda Azərbaycanın maddi-mədəni irsinin saxtalaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməlidir” - deyə E.Kəlbizadə bildirdi.
İradə SARIYEVA