Məlum olduğu kimi, Xankəndidə çörək talonla satılacaq, talonların verilməsinə isə artıq başlanılıb. Bu haqda Qarabağdakı qondarma rejimin “sosial inkişaf və miqrasiya nazirliyi” məlumat yayıb. Erməni mediasının yazdığına görə, Xankəndidə aclıq yaşanır. İnsanlara yarım çörək verilir və əhalinin vəziyyəti yaxşı deyil.
Ancaq Ermənistan tərəfi Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etmir. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolunda saxlanılıb. Deyildiyi kimi, guya aclıq, səfalət içində olanlar məlum yardımı qəbul etmir.
Erməni mediası vəziyyətin acınacaqlı olduğunu, adambaşı yarım “buxanka” çörək verildiyini etiraf edir. Maraqlıdır, səfalət içində olanlar niyə humanitar yardımı qəbul etmirlər?
“Bu şou vasitəsilə Azərbaycana qarşı beynəlxalq səviyyədə hansısa sanksiyaların qəbul olunmasını istəyirlər”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının yolda saxlanılması onu göstərir ki, bu məsələnin kökündə siyasi məqamlar dayanır: “Ermənilər doğrudan da aclıq, səfalət içərisindədirsə həmin humanitar yardımın hansı yolla gəldiyini düşünməməli idi. Ancaq görünən odur ki, onlar yaranmış vəziyyəti şouya çevirmək istəyir. Guya bölgədə kəskin səfalət yaşanır, yarım “buxanka” çörək verilir. Belə olsa idi, onlar humanitar yardımı qəbul edərdi. Onların yardımı qəbul etməməsinin əsl səbəbi ölkəmizə qarşı beynəlxalq ictimai rəy yaratmaqdır. Bu şou vasitəsilə Azərbaycana qarşı beynəlxalq səviyyədə hansısa sanksiyaların qəbul olunmasını istəyirlər”.
Siyasi şərhçi onu da əlavə etdi ki, yardım karvanının qəbul edilməməsinin bir səbəbi də iki ölkə arasında davam edən sülh prosesini ləngitməkdir. Onların əsl niyyəti sülhə qarşı çıxmaqdır.
Günel CƏLİLOVA