Azərbaycan teatrı və mətbuatı daim bir-biri ilə təmasda, vəhdətdə olub. Bu da təsadüfi deyil. Çünki istər milli teatrın, istərsə də milli mətbuatımızın yaranması və formalaşmasında iştirak edən xalqımızın dəyərli ziyalıları xalqın kütləvi maariflənməsi və inkişafında bu iki sahənin nə qədər önəmli olduğunu anlayırdılar. Teatrla mətbuatın birgə qət etdiyi yol bu gün də davam edir.
4 sentyabr – müstəqillik dövr Azərbaycan mətbuatının peşəkar təmsilçilərinin təsis edib ölkə ictimaiyyətinə ərməğan etdiyi “Bakı-Xəbər” qəzetinin yaranma günüdür.
“Bakı-Xəbər” jurnalistikaya dəyərin nümunəsi kimi özünü təsdiqləməyi bacarıb. Bu, peşəkarlıqla ziyalılığın vəhdətinə əsaslanmış nümunədir. Bunun nəticəsidir ki, qəzet heç bir şou, sensasiya arxasınca qaçmadan zəngin və qədim mədəniyyətimizə, onun ayrı-ayrı istiqamətlərinə, xüsusən də teatr sahəsinə daim ayrıca diqqət göstərir, xüsusi yer verir.
Böyük çətinliklərdən çıxıb, bu gün də klassik qəzetçilik ənənələrini davam etdirərək özünün auditoriyasını qoruyub saxlayan, müasir media cameəsində öz yerini daha da möhkəmləndirən “Bakı-Xəbər” 20 yaşını, ikinci yubileyini qeyd edir.
Bu münasibətlə kollektivimiz adından dəyərli qələm ustalarının cəlb olunduğu, teatrın əzəli dostu və təəssübkeşi “Bakı-Xəbər” ailəsini ürəkdən təbrik edir və dəyərli Aydın Quliyev başda olmaqla hər birinə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Dərin hörmətlə, Rəşad Əhmədzadə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi