Rusiya və Ermənistan arasında münasibətlərin qırılma nöqtəsində olduğunu rəsmi İrəvan bir daha ən yüksək səviyyədə bəyan edib. Ermənistan baş naziri Nikol Paşinyanın “La Repubblica” qəzetinə müsahibəsində dedikləri bunun faktiki təsdiqidir. O bildirir ki, Ermənistanın təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması strateji səhv olub. Onun sözlərinə görə, rəsmi Moskva təhlükəsizlikliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.
Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazdakı rolundan da danışıb. Onun sözlərinə görə, Rusiya regionu tərk etmək mərhələsindədir. Ermənistan baş naziri Rusiyanın öz atdığı və ya atmadığı addımlara görə Cənubi Qafqazı tərk edəcəyini deyir: “Rusiya artıq uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ancaq biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Qafqazı tərk edib. Məsələn, indi bir çox rusiyalı tərəfdaşımız Qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökümətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. Şərh verə bilərik, amma mən iddia edə bilmərəm. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəyəm. Amma elə proseslər var ki, eyni ssenarinin təkrarlana biləcəyi haqda rəy yaradır ki, bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”. Bu fonda Nikol Paşinyan Rusiyanın regiondan getmək mərhələsində olduğunu deyir: “Ancaq rusiyalı tərəfdaşlarımızla danışanda öz fikrimizi səsləndiririk ki, Rusiya öz atdığı və ya atmadığı addımlara görə regiondan gedir. Hansı səbəblərdən olduğunu isə bilmirik”. Ermənistanın baş naziri müsahibəsində Laçın yolu haqda da danışıb: “Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır, ancaq həmin dəhliz sülhməramlıların nəzarətində deyil. Niyə? Bunun iki səbəbi ola bilər: ya Rusiya bunu bacarmır, ya da Laçın dəhlizində nəzarəti saxlamaq istəmir. Bizim üçün hər iki səbəb də problemlidir”. Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada qərbpərəst imicindən də bəhs edib: “Görün bu vəziyyət Ermənistan üçün necə təhlükəlidir: Ermənistan formal olaraq - mən niyə “formal olaraq” deyirəm, çünki biz faktiki olaraq onun mexanizmlərindən istifadə edə bilməmişik - KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvüdür, Ermənistanın Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq müqaviləsi var və bu məntiqə görə bütün Qərb dövlətlərinin və ya ekspertlərin nəzərində Ermənistan rusiyayönlü ölkədir. Digər tərəfdən, Rusiyada bir çox dairələr Ermənistanı və ya onun indiki hakimiyyətini qərbyönlü hesab edir, çünki bizdə hökumət xalqın əksəriyyətinin səsi ilə formalaşıb. Bu gün buradakı mövqeyimizlə bağlı ən böyük problem ondan ibarətdir ki, əgər ruspərəstliyin potensial üstünlükləri varsa və ya qərbpərəstliyin hər hansı üstünlükləri varsa, Ermənistan rusiyapərəstliyin üstünlüklərindən yararlana bilmir, çünki ən azı Rusiyada Ermənistanı kifayət qədər rusiyapərəst hesab etmirlər. Məsələn, ona görə ki, onların nöqteyi-nəzərindən Ermənistan Ukrayna ilə bağlı Rusiyaya kifayət qədər dəstək vermir. Digər tərəfdən, Ermənistan qərbpərəstliyin mümkün üstünlüklərindən və ya faydalarından istifadə etmək iqtidarında deyil, çünki Qərbdə də hesab olunur ki, Ermənistan kifayət qədər qərbyönlü deyil”.
Bu yanaşma ilə bağlı “armenianreport” portalı yazır: “Ermənistanın baş naziri Nikol Paşinyanın “La Repubblica” qəzetinin jurnalistinə verdiyi müsahibədən Kremlin necə qəzəbləndiyini təsəvvür etmək olar. Kremldəki isterikanın gözlənilən nəticəsi əbədi sərxoş Dmitri Medvedyevin sosial şəbəkələrdə müntəzəm paylaşımlarının görünməsi olacaq. Bəli, Rusiyanın təbliğat mediası da Paşinyana qarşı “yaylım atəşi” təşkil edə bilər. Amma Paşinyanın Kreml barədə söylədiyi fikirlərə əsaslanaraq, heç kim dürüst nəsə cavab verməyə cürət edə bilməz. Bu, hakimin özünə qarşı ittiham irəli sürməsinə bənzəyir. Rusiya prezidenti Vladimir Putinin və onun yaxın çevrəsinin onsuz da kifayət qədər problemləri var, onların hamıya cavab verməyə nə gücü, nə də imkanı var. Və Paşinyan haqlıdır. Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən geri çəkilir. Rusiya bu yola bu gün daxil deyil. Ümumiyyətlə, hər şey 2016-cı ilin aprelində başladı, o zaman başladı ki, Kreml Azərbaycanın dayandırlmasını bacarmadı. 2020-ci ilin sentyabrında Azərbaycan müharibəyə başladıqdan sonra Ermənistan Vladimir Putinin qorxaq hərəkətlərini gördü. O, sadəcə olaraq Ermənistanın müdafiəsinə qalxmaqdan qorxurdu. Bəli, belə bir versiya var ki, bu, daha çox onun Ukraynadakı müharibəyə hazırlığı ilə bağlı olub, amma yenə də bütün bunları primitiv bəhanədən başqa bir şey kimi qiymətləndirmık olmaz. ABŞ və Böyük Britaniya, hətta Rusiya ilə müharibəyə belə getmədən, indi heç vaxt ağlımıza da gətirmədiyimiz şəkildə Ukraynaya dəstək verirlər. Bəs Putin? O, davamlı olaraq Paşinyandan qaçır, telefon zənglərinə cavab vermirdi. Və bunlar fonunda o, rəsmi Bakının mövqeyinə uyğun şəkildə bəyan etdi ki, müharibə Azərbaycanın dünya tərəfindən tanınan ərazisində gedir. Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiya İrəvanı diqqətdən kənarda qoyub. Paşinyan italyan jurnalistə müsahibəsində məhz bunu deyib. Amma nazirin əsas mesajı çox konkret bir ifadədən ibarət idi: “Bir gün biz oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik”. Bu perspektiv daha aydındır. Və çoxlarının düşündüyündən daha yaxındır. Və bu baş verəndə hər şey yaxşılığa doğru dəyişəcək. Çünki demokratik və azad Qərbin ailəsinə gedən yolu artıq köhnəlmiş və çürümüş bir imperiya bağlamayacaq”. Beləliklə, Ermənistan artıq rəsmən bildirir ki, Rusiyanı Qərbə dəyişir. Kreml artlq müvafiq nəticə çıxarmalıdır.
Tahir TAĞIYEV