Tanınmış ziyalı, ictimai-siyasi xadim Aydın Quliyevin təsisçisi və baş redaktoru olduğu “Bakı-xəbər” qəzetinin 20 yaşı tamam olur. Qəzetin ilk nüsxəsi 2003-cü il sentyabrın 4-də cəmiyyətət təqdim olunub. Cəmiyyət demişkən, “Bakı-xəbər” qəzeti Azərbaycanımızın, dövlətçiliyimizin və cəmiyyətimizin daim maraqlarını qoruyan baş redaktorunun özü, siması və adı kimi aydın mövqeyilə seçilən və həm də fasiləsiz dərc olunan bir mətbuat orqanıdır.
Azərbaycan jurnalistikasının evi olan Azərbaycan nəşriyyatında “Bakı-xəbər” redaksiyası ilə qonşuyuq. “Qarabağa aparan yol” redaksiyasının əməkdaşları kimi, demək olar ki, bu qəzetin mütəmadi nəşr olunan nüsxələri ilə hər gün tanış oluruq. Çox ürəkdən qeyd etmək istəyirəm ki, “Bakı-xəbər”çilərin – başda hörmətli Aydın Quliyev olmaqla, hər biri sözün əsl mənasında Vətənə, yurda, məmləkətimizə xidmətin həm də ziyalılığın dəyərli obrazıdır. “Bakı-xəbər”in səhifələrində işıq üzü görən müxtəlif səpkili materiallara nəzər saldıqda görürük burada ictimai-siyasi məsələlər, mədəni-mənəvi problemlər, hətta ədəbi-bədii düşüncə sahiblərinin yazıları, o cümlədən politoloqların, ölkənin siyasi mənzərəsini cızan siyasi-publisistik düşüncənin, xalqımızın bütün sahələrində sevincinə, uğurlarına sevinənlər, onların fikir və düşüncələri, hərbi uğurlarımız, təsərrüfat sahələrimizdə olan yeniliklərimiz, 44 günlük müharibədə qazandığımız zəfərin konturları, sınırları, istiqamətləri elə düşünülmüş şəkildə əksini tapır, bu qəzeti araya-ərsəyə gətirənlərin hamısının türkçülüyə, azərbaycançılığa, qarabağçılığa, vətənçiliyə xidməti göz önündə canlanır. Elə buna görə də hesab etmək olar ki, qəzetin özü üçün müəyyənləşdirdiyi fəaliyyət istiqaməti onun gələcəkdə daha geniş və əhatəli şəkildə təbliğ olunmasına, cəmiyyət arasında populyarlığına səbəb olacaq. Bu mənada “Bakı-xəbər”in adına baxıb kimsə onu təkcə xəbər daşıyıcısı hesab etməməlidir. “Bakı-xəbər” böyük mənada bir azərbaycançılıq tribunasıdır. Bu tribunadan ürəyi Vətən, dövlət, yurd eşqilə döyünən hər bir vətəndaşımız ürəklə çıxış edə bilir. Ziyalılığına, xarakterinin bütövlüyünə, həqiqət və həyatsevərliyinə zərrə qədər də şübhə etmədiyimiz Aydın Quliyev bu şəraiti hər bir kəs üçün yarada bilib.
Aydın Quliyevin aydın, şəffaf mövqeyi onun ətrafında çox sağlam, çevik və məntiqli bir qələmə sahib yaradıcı qüvvənin toplanmasına vəsilə olub. Bu qüvvə “Bakı-xəbər”in açdığı meydanı həm də bir döyüş cəbhəsi, bir səngər hesab edir. Qarşısına yalnız qalibiyyət, zəfər gündəliyi qoymuş “Bakı-xəbər”çilər bu səngərdən, bu meydandan 30 il bizə göz dağı vermiş düşmənlə, faşist ideologiyasına qapanmış erməni işğalçıları ilə informasiya savaşında, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla sözün əsl mənasında mücadilə aparırlar. Biz də hər zaman qələmimiz, sözümüz, mənəvi dəstəyimizlə “Bakı-xəbər”in yanındayıq. Arzu edirik ki, qəzetin gələcək yubiley təntənəsini yayımlayan nüsxələrini Xankəndindəki, Əsgərandakı, Xocalıdakı, Ağdərədəki vətəndaşlarımız da oxuya bilsin.
Sonda onu da qeyd etmək istərdim ki, “Bakı-xəbər” qəzeti Azərbaycan mətbuatında öz intonasiyası, üslubu, təqdimetmə dəsti-xəttilə seçilən bir qəzetdir. Qəzetin məsul işçilərinin, o cümlədən bütün əməkdaşlarının fəxarət duyğuları ilə yaşamaq haqqı var. Yeri gəlmişkən, yubiley münasibətilə qəzetin fədakar əməkdaşlarından olan Məhəmmədəli Qəriblini, Vidadi Ordahallını, İradə Sarıyevanı... da təbrik edir, “Bakı-xəbər”ə gələcək fəaliyyətində uğur diləyirik.
Fariz Çobanoğlu