Son vaxtlar Ermənistanda revanşist qüvvələrin aktivləşməsi müşahidə olunur. Xüsusən də separatçı başı Araikin istefasından sonra bu, özünü daha çox göstərir. Təsadüfü deyil ki, İrəvanda Paşinyan əleyhinə keçirilən mitinqdə Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarkisyan da iştirak edib. Onlar yeganə çıxış yolunun Paşinyanın istefaya getməsindən ibarət olduğunu qeyd ediblər.
O da məlumdur ki, Ermənistandakı revanşist qüvvələr Rusiyaya bağlıdır. İrəvanda Köçəryan-Sarkisyan cütlüyünün, Qarabağda isə onların himayəsi altında Arkadi Qukasyan və Bako Saakyanın yenidən aktivləşməsi ermənilərin öz havadarlarının təşviqi ilə artıq revanş niyyətlərini reallaşdırmaq niyyətində olduğunu göstərir. Üstəlik, Qarabağda silahlıların qalması hələ də Sarkisyan- Köçəryan qruplaşmasının təsirli olduğunu və Rusiyanın buna dəstək verməyini göstərir.
“Həm Ermənistanda, həm Xankəndində son günlər gedən proseslər Kremldən idarə olunur”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bütün bunların arasında sıx bağlılıq və qarşılıqlı əlaqə var: “Əvvəla, Qarabağdakı separatçılar hər zaman daha çox Rusiyaya bağlı olublar. Yəni, onlar üçün Moskvadan gələn təlimatlar daha önəmli olub. Birinci Qarabağ müharibəsində separatçıların duruş gətirməsi və sonra üstünlüyü ələ alaraq ərazilərimizi işğal etmələri biləvasitə Rusiyanın dəstəyi ilə mümkün olub. Yoxsa ermənilər nə ərazilərimizi işğal edə bilərdilər, nə də uzun müddət işğal altında saxlaya bilərdilər. Bununla belə, Rusiya 44 günlük uğurlu Vətən müharibəsində imkan vermədi ki, Azərbaycan Qarabağda separatçıların axırına çıxsın. Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən sonra həm müharibədə qaçan erməniləri geri qaytardılar, həm də separatçı tör-töküntüləri silahlandırdılar. Daha dəqiq desək, Qarabağa Ermənistandan silah daşınmasına şərait yaratdılar. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmaya görə, Rusiya sülhməramlıları yerləşəndən sonra erməni silahlı birləşmələri Qarabağı tərk etməli idilər. Həmin silahlı birləşmələr buraılmalı idi. Ancaq bu, baş vermədi. Niyə? Ona görə ki, Rusiya bunda maraqlı deyildi. Təsadüfü deyil ki, bu günə qədər qanunsuz silahlı birləşmələrin buraxılması ilə bağlı hansısa tərpəniş belə müşahidə olunmur. Tam əksinə, onlar rus sülhməramlılarının arxasında gizlənərək yeni döyüş mövqelərini qurmağa çalışırlar. Qarabağ separatçılarının Köçəryan və Sarkisyan yaxın olan nümayəndələri daha da fəallaşırlar. Ağdam-Xankəndi yolunun açılması ilə bağlı istənilən təşəbbüsü baykot edirlər. Təcrid olunmalarına baxmayaraq, daha cəsarətlə radikal fikirlər səsləndirirlər. Məgər bütün bunlar təsadüfdür? Əlbəttə ki, yox. Separatçılar və onların başında duranlar Rusiyadan güc alaraq bunları edirlər. Belə olmasaydı onlar Azərbaycanın qarşısında duruş gətirə bilməzlər. Həm Ermənistanda, həm Xankəndində son günlər gedən proseslər Kremldən idarə olunur”.
Vidadi ORDAHALLI