Hazırda Ermənistan və Qarabağda gedən proseslərin təhlili göstərir ki, köhnə Köçəryan-Sarkisyan qrupu fəallaşmağa başlayır. Qarabağdakı süparatçıların sabiq rəhbəri Arayik Arutunyan da müəyyən mənada onların kursuna bağlı olan adam idi. Hazırda Köçəryan -Sarkisyana bağlı olan Qarabağ klanı çalışır ki, həm Xankəndidəki separatçıların başına öz xətlərinə uyğun olan adamı gətirsinlər, həm də Ermənistanda hakimiyyəti dəyişsinlər.
Bütün bu proseslərə Rusitanın açıq dəstəyi var. Moskvanın bu dəstəyi Qarabağ və Ermənistandakı hakimiyyətin dəyişməsinin perspektivinə necə təsir edə bilər?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyaya bağlı qüvvələrin həm Ermənistanda, həm də Qarabağda fəallaşması göz qabağındadır: “Baxmayaraq, Qarabağın dırnaqarası “rəhbəri” Araik Arutunyan daha çox Nikol Paşinyana bağlı idi, onun vəzifəsində qalması üçün Ermənistan hakimiyyəti hər şey etdi, ancaq öz məqsədinə nail ola bilmədi. Vardanyana bağlı qüvvələr onu hakimiyyətdən uzaqlaşdırdılar. Təbii ki, bundan sonra Arutunyanın yerini tutacaq şəxs, kimə bağlı olmasından, hansı xarici qüvvənin adamı olmasından asılı olmayaraq, daha kəskin mövqe tutacaq. Bu da həm Ermənistanda, həm də Qarabağda gedən proseslərə ciddi şəkildə təsir göstərəcək. Bu müəyyən qədər Rusiyanın da maraqlarına cavab verir. Nəyin bahasına olursa-olsun, Rusiya sülh sazişinin imzalanmasının uzadılmasına nail olmağa çalışır. Lavrovun təqdim etdiyi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin baza prinsiplərinə aid olan sonuncu sənəd Qarabağ ermənilərinin tutduğu mövqe ilə tam ziddiyyət təşkil edirdi. Qarabağ erməniləri müstəqil olacaqlarını deyirlər, Rusiya xarici işlər naziri isə onların öz dilində danışmaq, mədəniyyətlərini inkişaf etdirmək, Ermənistanla və ermənilərlə əlaqələr qurmaq imkanı kimi prinsipləri təqdim edir. Biz Rusiyanın nə qədər riyakar dövlət olduğunu yaxşı bilirik. Onu da yaxşı bilirik ki, Rusiya bu cür mütərəqqi görünən təkliflər versə də, reallıqda onun icra olunmaması üçün də əlindən gələni edir. Bu baxımdan Arayik Arutuntanın kənarlaşdırılmasından sonra Paşinyanın da hakimiyyətdən kənarlaşdırılmasına cəhdlər göstəriləcək. Bunu Paşinyan da yaxşı dərk edir. Onun son müsahibəsində səsləndirdiyi anti-Rusiya bəyanatları bu təhlükəni dərk etdiyini göstərir. Rusiya Paşinyanı uzaqlaşdırmaq üçün əlindən nə gəlirsə, edəcək. Onun yerinə keçə biləcək elə bir namizəd görünməsə də, Paşinyanın nüfuzunun zədələdiyini də nəzərə almalıyıq. Əsas hədəf sentyabrın 17-də keçiriləcək İrəvan uğrunda seçkilərdə Paşinyanın namizədinin məğlub olmasıdır. Paytaxtın əldən çıxması Paşinyanın sonunu gətirən addım ola bilər. Bu seçkidə əsas namizədlərdən biri Ruben Vardanyanın dəstəklədiyi namizəddir ki, Rusiya da onun qalib gəlməsini istəyir və əlindən gələni edəcək. Hər halda, Paşinyan nə qədər ziddiyyətli addımlar atsa da, reallıqları dərk edən siyasətçilərdən sayılır. Paşinyanın postundan uzaqlaşdırılması Azərbaycan-Ermənistan danışıqlarını xeyli geri atacaq. Əslində sülh danışıqlarını təxirə salmaq üçün əsas da yoxdur. Yalnız Qarabağ ermənilənilərin hüquqları ilə bağlı məsələdə Paşinyan haqsız yerə dirəniş göstərməsə, saziş imzalana bilər. Qərb Ermənistanın nazı ilə oynamağa çalışır. Bundan da Rusiya istifadə edib yararlanır”.
Məhəmmədəli QƏRİBLİ