Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb.
Bu barədə Prezidentin köməkçisi X (Tvitter) sosial şəbəkəsində paylaşım edib:
“Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib.
Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir... Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!
Amma narahat edən odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən “Kontekst” proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”.
Hacıyev NATO-nun sabiq başçısının hansı mənbələrdən gəlir aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.
Yeganə Hacıyeva: “Bu çox təhlükəli üsuldur və domino effekti verə bilər”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan daha çox NATO-nun qlobal konfrontasiyada olduğu KTMT adlı blokda təmsil olunan ölkədir: “Belə bir statusda olan bir ölkə ilə ora rəhbərlik etmiş, hazırda həmin qurumdan təqaud alan bir şəxsin bu addımı NATO dəyərlərinə hörmətsizlikdir. İkinci məqam ondan ibarətdir ki, Rasmussenin Ermənistan üçün lobbiçilik edən iki təşkilatı var. Onlardan biri 2003-cü, digəri isə 2009-cü ildə formalaşdırılıb. Bu, Rasmussenin NATO-ya rəhbərlik etdiyi bir dönəmə təsadüf edir. Həmin təşkilata rəhbərlik etdiyi dönəmdə əldə olunan bilgiləri bu adam NATO-nun maraqlarına zidd olan bir ölkə üçün xərcləyir. Bunu da ermənilərdən aldığı misliyyənin müqabilində xərcləyir. Bu maraqların toqquşması kontekstində NATO maraqlarını Ermənistan kimi ölkəyə qurban verir. Prezidentin köməkçisi Hikmət Hacıyev də diqqəti məhz bu məqama çəkməyə çalışdı ki, bu adamın etdiyi xəyanəti sübut edən konkret faktlarları ortaya qoysun. Digər məqam media ilə bağlıdır. BBC kimi korporasiya da bənzər mövqe ortaya qoyur. Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyini təmin edən vacib ölkədir. Belə bir ölkənin əleyhinə məhz Avropa ilə sıx bağlı olan şəxslər və təsisatlar fəaliyyət göstərir. Burada ciddi ziddiyyət var. Hikmət Hacıyev həm də BBC kimi təsisatın öz maraqları naminə erməni separatizminə dəstək verməsinə diqqəti yönəldib. Avropanın bəzi ölkələrində də separatçı ocaqlar var. Amma bu korporasiya onlara bizdən tam fərqli yanaşır. Özününkülər və yadlar kimi yanaşma tam təzad yaradır. Bu çox təhlükəli üsuldur və domino effekti verə bilər. Belə çıxır ki, onlar maliyyə maraqları müqabilində ümumi sistemə zərər vermiş olurlar. Hər iki məsələ ilə bağlı Hikmət Hacıyev haqlıdır. Maraqlıdır ki, Qərb dünyası öz ziyanına olan bu prosesə göz yumur”.
Məhəmmədəli QƏRİBLİ