Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son günlər baş verənlərə münasibət bildirib. Mişel bəyanatında Ağdam-Xankəndi yolunun Laçın marşrutu ilə eyni vaxtda açılmasına çağırıb.
Mişelin sözlərinə görə o əmindir ki, Laçın dəhlizi bundan əvvəlki razılaşmalara və BMT məhkəməsinin qərarına uyğun olaraq açılmalıdır: “Aİ habelə vurğulayır ki, Bakı tərəfindən Qarabağ ermənilərinə onların Laçın dəhlizi ilə Ermənistana və geriyə hərəkət qaydalarının dəqiqləşdirilməsi zəruridir. Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər”.
Mişel deyir ki, Ağdam-Xankəndi yolu Laçın marşrutu ilə eyni vaxtda açılmalıdır. Bu, Azərbaycanın strategiyasına ziddir. Azərbaycanın məsələyə yanaşması fərqlidir. Prezident İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ağdam-Xankəndi yolu açılandan sonra 24 saat ərzində Laçın yolu da açılacaq. Belə olan halda sözügedən yollar niyə eyni vaxtda açılmalıdır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Tural İsmayılovun fikrincə, belə yanaşma doğru deyil: “Əlbəttə, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyiş əldə edilməsinə çalışır, amma bu, quruma da yaxşı bəllidir ki, iki ölkə arasında münasibətlərin ölü nöqtədən tərpənə bilməməsinin ən böyük günahkarı Ermənistandır. Əslində, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında bəzi məqamlar diqqəti cəlb edir. Ağdam-Xankəndi yolu məsələsinin bir daha qabardılması onu göstərir ki, əslində Mişel Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini dəstəkləyir. Ancaq həm də eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi heç vaxt Laçın yolunu birdəfəlik bağlayacağını bəyan etməyib. Azərbaycan bəyan edib ki, humanitar məqsədli yüklərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrinin Laçın yolundan keçidinə şərait yaradacaq. Ancaq bu, o halda ola bilər ki, Ağdam-Xankəndi yolu birinci açılsın. Məgər 24 saat vaxt aralığı çoxmu böyükdür ki, hər iki yolun eyni vaxtda açılmasını tələb edirlər? Fikrimcə, Mişelin məsələyə bu cür yanaşması obyektiv deyil. Bu gün Ağdan-Xankəndi yolunun açılmasının qarşısında olan qüvvələr, bu prosesi sabotaj etməyə çalışan dairələr məsələnin əslində bir humanitar məqsəd olmadığını çox açıq-aydın nümayiş etdirirlər. Bununla əslində göstərirlər ki, Xankəndiyə hansısa humanitar yük daşımaq onların marağında deyil. Əsas maraqları siyasidir və Azərbaycanın ərazi bütövlüyünə yönəlik qəsd törətməkdir. Onlar da öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər”.
Vidadi ORDAHALLI