“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağda yerləşdirilən sülhməramlıların vəzifələri barədə son bəyanatına münasibət bildirib.
Politoloq yazır:
Qarabağla əlaqəli bu nə bəyanatdır Mariya Zaxarova verib?..
Necə yəni sülhməramlıların vəzifəsi dəyişib? Həqiqətən dəyişilibsə , deməli, sülhməramlıların əvvəlki (?)və indiki vəzifələri (?) arasında fərqlər yaranıb.. Əvvəlcə Zaxarovanın bəyanatının məzmununa baxaq.
"Yerevanın və Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra yaranmış yeni şəraitdə sülhməramlı kontingentin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməyə, o cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir".Bu, Mariya Zaxarovanın xeyli təəccüb ,hətta anlaşılmazlıq doğurmuş bəyanatdır.
Əvvala, sülhməramlıların vəzifələrinin 10 noyabr sənədi ilə müəyyən edildiyi hər kəsə məlumdur və həmin sənəddə Zaxarovanın indi dediyi vəzifəyə uyğun bir şey yoxdur.Zaxarovanın məntiqinə görə bu sənədlə sülhməramlıların vəzifələri hələ Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımadığı dövrün reallıqlarına və xüsusiyyətlərinə uyğun müəyyən edilib və Ermənistanın " Qarabağ Azərbaycandır" deməsindən sonra yaranmış yeni şəraitdə sülhməramlıların yeni vəzifələri (?) ortaya çıxıb ki, 10 noyabr sənədinin bu vəzifələri əhatə etməsi sadəcə mümkünsüzdür.
İkinci, Zaxarovanın " Azərbaycana ermənilərin bütün hüquq və təhlükəsizliyini təmin etməyə" ifadəsi əslində sırf Ermənistanın mövqeyini əks etdirir.Azərbaycan bu məsələ ilə bağlı xüsusi müzakirələrin açılmasını özünün süveren hüquqlarına uyğun saymır və hesab edir ki, Qarabağın sakini olan ermənilər Azərbaycanın bütün digər milli azlıqları kimi öz hüquq və təhlükəsizliklərinin təminatını ölkənin konstitusiyası ilə ala bilərlər.Əlavə hüquqi mexanizmlərə ehtiyac yoxdur.
Üçüncü, Zaxarovanın " Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı göstərməkdir" fikri də Azərbaycanın prinsip və mənafelərinə uyğun deyil.Burada hansı dialoqdan danışılır? Dualoq bərabər tərəflərin təmaslarına uyğun termindir və belə də qəbul olunub.Məgər Xankəndi Bakıya bərabər dialoq tərəfi kimi qəbul edilə bilərmi? Bundan başqa, Azərbaycan Qarabağın erməni sakinlərinin reinteqrasiya danışıqları formatını rəsmən qəbul edir, bunu ölkənin daxili işi sayır və bunun vasitəçilərsiz həyata keçirilməsinə məqbul baxır .Rusiya burada vasitəçilik etməyi nəzərdə tutursa, bu artıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq müzakirə formatı halını alır ki, bu da qəbuledilməzdir.
Dördüncü, Qarabağ erməniləri ilə reinteqrasiya danışıqlarında Rusiyanın vasitəçiliyinin qəbul edilməsi bu danışıqların beynəlxalq format şəkli alması kimi ziyanlı nəticələrin hələ hamısı deyil.Yəqin ki, Rusiyanın ardınca ABŞ, Avropa İttifaqı, elə Fransanın özü də bu danışıqlarda vasitəçilik iddiasını ortaya qoyacaqlar.Bu halda Azərbaycan nə etməlidir?Bunun nə qədər absurd olduğunu anlaya bilirsinizmi?
Beşinci, Zaxarovanın bəyanatı yeni şəraitdə rus sülhməramlılarının vəzifələrini əks etdirən hansısa yeni sənədin (?) qəbul edilməsini zəruri edir.
Nəhayət, Rusiya sülhməramlıları 10 noyabr sənədi ilə müəyyənləşmiş şərti olaraq deyə biləcəyimiz " öz köhnə vəzifələrini" hələ icra etməmiş yeni vəzifələrə necə başlaya bilər?!....
MƏTLƏB