“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi də “Bakı-Xəbər” 20 illiyi ilə bağlı təbrik göndərib.
İB sədri Akif Nəsirlinin imzaladığı təbrik mətnində deyilir:
“Bu günlərdə Azərbaycan xalqına və vətəndaş cəmiyyətinə doğma olan “Bakı-Xəbər” qəzetinin 20 yaşı tamam olur. Bu münasibətlə “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi adından, başda qəzetin qurucusu və baş redaktoru Aydın Quliyev olmaqla, bütün yaradıcı və texniri heyəti səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıqlarında və şəxsi həyatlarında uğurlar arzulayıram.
“Bakı-Xəbər” qəzeti Azərbaycan cəmiyyətində ictimai rəyin formalaşdırılmasında və azad söz mədəniyyətinin inkişaf etdirilməzində xüsusi rolu olan, eyni zamanda çətin və keşməkeşli dönəmlərdə ayaqda qalmağı bacaran azsaylı media qurumlarından biridir. Qəzet bu gün də öz missiyasını şərəflə davam etdirməkdədir.
“Bakı-Xəbər” qəzeti Azərbaycan media məkanına onlarla jurnalist təqdim edib ki, həmin jurnalistlərin böyük əksəriyyəti mətbuatımızın brend imzalarına çevrilmiş simalardır. Lakin bir məsələni də xüsusi vurğulamaq istərdim ki, “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin ərsəyə gəlməsində də “Bakı-Xəbər” qəzeti rolu olub. Belə ki, mənim ixtisasca iqtisadçı olduğumu bilən, əvvəllər birgə çalışdığım, “Bakı-Xəbər” qəzetinin əməkdaşı olan bir həmkarım işlədiyi iqtisadi bir mövzunu şərh etməyimi istədi. “Azərbaycan Nəşriyyatı”nın foesində bizim qısa müsahibəmiz baş tutdu. Səhəri günü həmin həmkarım qəzetin bir nüsxəsini mənə verərək, şad bir sima ilə bildirdi ki, sənin şərhin qəzetin manşetinə çıxarılıb. Bu məni həm sevindirdi, həm də iqtisadi biliklər baxımından şüurumda bir özgüvən yaratdı. Sonradan digər media qurumları və televiziyaların iqtisadi fikirlərimizə maraq göstərməsi bizdə “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin yaradılması təşəbbüsünə yol açdı.
Azərbaycan mediasına və cəmiyyətinə önəmli töhfələr verən və buna davam etməkdə olan “Bakı-Xəbər” qəzetinə əbədi bir ömür arzulayıram. Uğurlarınız bol, yubleyiniz mübarək olsun!”