AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər” qəzetinin yaranmasının 20 illiyi münasibətilə qəzetin təsisçisi və Baş redaktoru Aydın Quliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli Aydın bəy!
Sizi və rəhbərlik etdiyiniz “Bakı-Xəbər” qəzetinin bütün kollektivini təsis olunmağınızın 20 illik yubileyi münasibətilə Milli İstiqlalçılar adından səmimi qəlbdən təbrik edirəm!
Bu gün müstəqil Azərbaycanın media qurumları içərisində xüsusi çəkiyə malik olmağınız hər zaman Dövlət və Milli maraqlara önəm verməyinizdən, şəxslərə, hadisələrə və ümumilikdə proseslərə obyektiv və qərəzsiz yanaşmanızdan qaynaqlanır.
Fəaliyyət göstərdiyiniz illər ərzində bütün çətinliklərə rəğmən peşəkar kollektiviniz sayəsində ayaq üstdə durmağı və oxucuya dürüst və uğurlu xidmət göstərməyi bacarmısınız. Təbii ki, uğur olan yerdə inkişaf da olur. Bütün kollektivinizə və Siz başda olmaqla ayrı-ayrılıqda kollektivinizin hər bir üzvünə davamlı uğurlar arzulayıram!
Hər zamankı kimi qələminiz iti, sözünüz kəsərli olsun!”