Təəssüflər olsun ki, Qarabağda “humanitar böhran” şousuna Fransa və Almaniya ilə yanaşı ABŞ da qoşuldu. Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib ki, ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatdır.
O bunu belə əsaslandırıb: “Biz layiqli dolanışıq üçün zəruri olan ərzaq, dərman və digər malların blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq. Birləşmiş Ştatlar son bir neçə həftə ərzində Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatmasına üçün tərəflərlə ardıcıl işləyib. Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik. Bundan başqa, Bakıdan olan rəsmilər və Stepanakertdən olan nümayəndələr təxirə salınmadan Dağlıq Qarabağın kişi, qadın və uşaqları üçün vacib ərzaq ehtiyatlarının, o cümlədən əlavə təchizat marşrutlarının daşınması yollarını razılaşdırmaq üçün görüşməli və bütün həll edilməmiş məsələlər üzrə müzakirələri yenidən açmalıdırlar. Əsas humanitar yardım heç vaxt siyasi ziddiyyətlərin girovu olmamalıdır”.
“Azərbaycanda yaşayan erməni vətəndaşlarına qarşı heç bir təzyiq və təqibdən söhbət gedə bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, ABŞ gərək, Fransadan fərqli olaraq, bu məsələdə obyektiv mövqe ortaya qoysun: “Ermənilərin “humanitar böhran” şousu hər kəsə məlum məsələdir. Artıq bir neçə aydır ki, Ermənistan yaratdığı bu şoudan bəhrələnməyə çalışır. O cümlədən, siyasi manipulyasiya edirlər. Onlara dəstək verən isə erməni diasporası və havadarlarıdır. ABŞ Dövlət Departamentinin də ermənilərin humanitar şousuna dəstək verməsi hər kəs üçün qaranlıq məsələdir. Bu mövzuda ABŞ rəsmilərinin sərgilədikləri bəzi yanaşmalar qəbuledilməzdir. Görünən odur ki, erməni diasporası və onları dəstəkləyən qüvvələr bu sahədə ciddi iş aparıblar. Ancaq Dövlət Departmentinin rəsmisi erməniləri Azərbaycanla danışıqlar aparmağa çağırır. Bu o deməkdir ki, erməni tərəfi öz ambisiyalarını kərara atmalıdır. Azərbaycanda yaşayan erməni vətəndaşlarına qarşı heç bir təzyiq və təqibdən söhbət gedə bilməz. Dəfələrlə cənab Prezident Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin də digər etniklər kimi firəvan həyat sürəcəklərini bildirib. Hazırda da ermənilər ərazilərimizdə sərbəst və azad şəkildə həyat fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, atılan böhran Azərbaycana yapışmaz. Beynəlxalq ictimaiyyət birmənalı olaraq bilməlidir ki, Azərbaycan ərazisindəki bütün etniklər hər zaman din, dil fərq etmədən vətəndaşlığımızı qəbul edib, qanunlarımız çərçivəsində azad yaşayırlar. Ortaya atılan "humanitar böhran" şousunu isə ölkəmizə qarşı işlədilən təzyiq vasitəsi kimi qiymətləndirirəm və hesab edirəm ki, bu çox uğursuz düşüncənin məhsuludur”.
Vidadi ORDAHALLI